
“Vladimir Putin Şimali Atlantika Alyansının ölkəsinin sərhədlərinə yaxınlaşmasından ciddi narahatdır. O, mətbuat konfransından bu məsələnin əhəmiyyətinə diqqət çəkmək və Avropada təhlükəsizlik arxitekturasına öz baxışını irəli sürmək üçün istifadə edib”.
Gununsesi.info bildirir ki, bunu illik böyük mətbuat konfransında Rusiya prezidentinə sual verməyi bacaran Amerikanın “Sky News” telekanalının Moskva müxbiri Diana Maqney deyib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı artan gərginlik fonunda Vladimir Putin bildirib ki, Rusiya heç kəsi təhdid etmir və növbəti addım Qərbin əlindədir.
Qeyd edək ki, Rusiya prezidenti ilin yekunlarına dair mətbuat konfransında çıxış edib. “Sky News” telekanalının Moskva müxbirinin canlı efirdəki sualından sonra Vladimir Putin belə desək, qızışıb. Diana Maqneyin Rusiya prezidentinin mətbuat konfransında ona dedikləriylə bağlı “Sky News” telekanalında bildirdiyi münasibəti oxucularımıza təqdim edirik:
“Mənə elə gəlir ki, Vladimir Putinin NATO–nun Şərqə doğru genişlənməsini özü üçün nə dərəcədə təhqir saydığı açıq–aydın görünür. Bunun sadəcə bir bəhanə olduğunu deməzdim. Düşünürəm ki, o, Sovet liderlərinə NATO-nun Şərqi Almaniyadan kənarda qoşun yerləşdirməyəcəyinə dair vəd verildiyinə səmimi şəkildə inanır. O, mənə Rusiyanın təhlükəsizliyini riskə atan NATO-nun genişlənməsinin beş dalğasından danışdı. Və açıq-aydın o, indiki məqamı seçib ki, bu problemi həll etməyə çalışsın və əslində Avropa təhlükəsizlik arxitekturasını yenidən qursun və fikrimcə, bunu həyata keçirmək son dərəcə çətin olacaq.
Biz bu yaxınlarda Rusiyanın Vaşinqtona və NATO-nun Brüsseldəki mənzil-qərargahına göndərdiyi təhlükəsizlik təminatı ilə bağlı təklifləri gördük. Anladığımız kimi, Rusiya ilə NATO arasında təhlükəsizlik təminatları, əslində isə Avropa təhlükəsizliyi ilə bağlı bu təkliflər üzrə danışıqlar 2022-ci ilin əvvəlində başlayacaq. Bununla belə, Vladimir Putinin onların nəticələrindən razı olub–olmayacağı böyük sual olaraq qalır. Axı bu təkliflərdə NATO–nun onlarla heç vaxt razılaşmayacağı çox məqamlar var.
Məsələn, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qoyulan veto. Bu qərar suveren dövlətin öz ixtiyarındadır. Alyans həmçinin 1997-ci ildən sonra NATO–ya daxil olan ölkələrdən qoşunların çıxarılmasına razı olmayacaq. Sual oluna bilər ki, Putin nəyə nail olmaq istəyir? O, danışıqlar üçün ya yüksək ilkin səviyyə yaratmaq istəyir, ya da bu şərtlərin heç vaxt yerinə yetirilməyəcəyini bilə-bilə müharibəyə bəhanə axtarır.
Mən belə hesab edirəm ki, mətbuat konfransındakı suallarımın birində diqqət çəkən daha bir çətin məqam var. O, həmişə deyə bilər ki, Donbasdakı Rusiya vətəndaşlarını – onun yerli sakinlərin əksəriyyətinə vətəndaşlıq verdiyini nəzərə almaq lazımdır – təxribat təhlükəsi gözləyir.
O bildirdi ki, onları soyqırım təhlükəsi gözləyir, ancaq bu, açıq–aşkar yalandır. O, Donbas sakinlərindən öz xalqı qarşısında bəhanə kimi istifadə edə bilər ki, onların köməyinə gəlsinlər. Axı o, bu mətbuat konfransında bildirdi: “Bizi Krımda belə etmək məcburiyyətində idik”.
Unutmayın: ilk növbədə, bu mətbuat konfransı, mahiyyətcə, Putinin öz xalqına müraciət etmək üsuludur. Orada az sayda xarici jurnalist iştirak edirdi və mən sual verənlərdən biri oldum. Zaldakıların böyük əksəriyyəti Rusiyanın bütün regionlarından gələn yerli jurnalistlər idi. Və burada o, (Putin – red.) özünü NATO təcavüzünün qurbanı kimi qələmə verdi və açıq şəkildə bildirdi ki, Rusiya məcbur edilərsə, Donbasda problemlə üzləşə biləcək Rusiya vətəndaşlarını müdafiə etməli olacaq.
Və mən düşünürəm ki, 2022-ci ilin əvvəlində danışıqlar başlayanda Qərb çox çətin vəziyyətdə qalacaq və nəzərə alaq ki, Rusiya Ukrayna ilə sərhədində çox ciddi hərbi mövcudluğunu saxlamaqda davam edir”.
Gununsesi.info