Rusiya prezidenti Vladimir Putin Federal Penitensiar Xidmətin (FSİN) direktor müavini Valeri Boyarinevə daxili xidmət general-polkovniki rütbəsi verib.
Gununsesi.info xəbər verir ki, Putinin bu qərarı fevralın 19-da, müxalifətçi siyasətçi Aleksey Navalnının həbsxanada ölümündən üç gün sonra imzalanıb.
Navalnının müxalifətçi həmkarı İvan Jdanov Boyarinevin rütbəsinin artırılmasını “Putinin işgəncəyə görə birbaşa mükafatı” adlandırıb.
“Boyarinev Aleksey Navalnının həbsxanada işgəncələrə məruz qalmasına şəxsən nəzarət edirdi. Alekseyin yemək almaq üçün hesablarının məhdudlaşdırılması, bütün digər işgəncələr kimi, Boyarinevin FSIN-dən şəxsi sifarişi idi”, – Jdanov yazır.
Boyarinevdən başqa FSİN-in daha üç əməkdaşı, eləcə də digər idarələrin onlarla əməkdaşı Putindən yüksəlişlər alıb.
Federal Penitensiar Xidmətin məlumatına görə, “Qütb canavarı” xüsusi rejimli koloniyasında olan müxalif siyasətçi Aleksey Navalnı fevralın 16-da günortadan sonra gəzintidən sonra ölüb. Ölümündən bir neçə gün əvvəl o, adi kameralardan daha sərt şərtlərlə 27-ci dəfə cəza kamerasına göndərilib.
Siyasətçinin tərəfdarları onun öldürüldüyünə inanırlar. Navalnının nəşi hələ ki, yaxınlarına verilməyib. Müxalifətçinin həyat yoldaşı Yuliya ərinin işini davam etdirəcəyinə söz verib.
Gununsesi.info