Rusiya lideri Putin Priqojinin ölümü ilə bağlı açıqlama verib. Putin təyyarənin kənardan müdaxilə ilə vurulmadığını deyib.
Gununsesi.info xəbər verir ki, Putin “Vaqner”in qurucusu Yevgeni Priqojinin öldüyü təyyarənin qalıqları arasında tapılan cəsədlərdə qumbara hissələrinin tapıldığını bildirib.
Rusiya İstintaq Komitəsinin bu yaxınlarda ona hadisə ilə bağlı hesabat verdiyini bildirən Putin qeyd edib ki, “Qəzada ölənlərin cəsədlərində əl qumbarasının hissələri tapılıb”. “Təyyarəyə heç bir kənar təsir olmayıb və bu, Rusiya İstintaq Komitəsinin apardığı araşdırma nəticəsində sübuta yetirilən faktdır”, – deyə o bildirib.
Priqojinin evində və “Vaqner”in ofislərində aparılan axtarışlarda narkotik maddələrin tapıldığına diqqət çəkən Putin, “Təəssüf ki, ölənlərin qanında spirt və ya narkotik maddə ilə bağlı ekspertiza aparılmadı” deyib. “Məncə, belə bir araşdırma aparılmalı idi, amma aparılmadı”, Putin vurğulayıb.
Rusiyada “Vaqner” kimi qruplara ehtiyac olub-olmaması ilə bağlı hələ konsensus olmadığını vurğulayan Putin, “Ancaq bu günə kimi əminliklə deyə bilərəm ki, bu şirkətdən bir neçə min döyüşçü Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayıb. İstəsələr hərbi əməliyyatlarda iştirak edə bilərlər” deyib.
“Özəl hərbi şirkət mətbuatın verdiyi bir başlıq idi. Rusiyada özəl hərbi şirkətlər haqqında qanun olmadığından, özəl hərbi şirkətlər də yoxdur. Bizim belə şirkətlərimiz yoxdur və heç vaxt da olmayıb”, – deyə Putin bildirib.
Səid Əhmədli
Gununsesi.info