Putin Qarabağdakı erməniləri Paşinyana və Azərbaycana qarşı qoyur

  • By admin
  • 31 Oktyabr 2022 08:26

Azərbaycanın Xankəndi şəhərində ermənilər tərəfindən təşkil olunan mitinqdə Moskvaya müraciət qəbul olunub.

Gununsesi.info xarici media orqanlarına istinadən bildirir ki, Rusiyaya müraciətdə Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub.

Müraciətdə Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb.

Vurğulanıb ki, “Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur…”.

Qeyd edək ki, Qarabağdakı kütləvi tədbir Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də gözlənilən görüşündən bir gün öncə keçirilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 29 oktyabr açıqlamasında Qarabağdakı Rusiya hərbçilərinin mandatının 10-20 ilədək uzadılması haqda sənədə imza atmağa hazır olduğunu deyib.

Rusiya Prezidenti Vladimir Putin isə ötən həftə Valday Forumunda çıxışında deyirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir. 

Ancaq Putin onu da qeyd edirdi ki, Ermənistana nəyisə diktə etməyə hazırlaşmırlar.

Sonuncu aksiyanın çıxışçılarının fikirləri Rusiyanın Qarabağ ermənilərini Azərbaycana və Ermənistanın hazırki rəhbərliyinə qarşı olduğu açıq görünürdü.

 

Günay

Gununsesi.info