Putin siyasətinin məşhur ideoloqunun qızı maşınında partladıldı -FOTO/VİDEO

  • By admin
  • 21 Avqust 2022 13:06

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib.

İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

Gununsesi.info xəbər verir ki, Duqina və atası avqustun 20-də “Ənənələr” festivalında iştirak ediblər. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin tədbirdən qızı ilə birlikdə qayıtmalı olsa da, son anda fikrini dəyişib. Hətta ata və qızının birlikdə gəzintiyə çıxmağa hazırlaşdığı deyilirdi.

Hüquq-mühafizə orqanları avtomobilə partlayıcı qurğu yerləşdirildiyini və hədəfin məhz Aleksandr Duqin olduğunu ehtimal edir. Bu baxımdan hazırda hakimiyyət sui-qəsd ehtimalını nəzərdən keçirir.

Nəqliyyat vasitəsinin Aleksandr Duqinə məxsus olması əsl hədəfin onun qızı Darya Duqina olmadığına dair iddiaları gündəmə gətirir.

Bildirilir ki, hadisəni törədən şəxslər Aleksandr Duqinin avtomobildə olduğunu zənn edərək, partlayış törədiblər.

Qeyd edək ki, Duqin Rusiyanın Ukraynaya qarşı təcavüzünün memarı və ya “mənəvi atası” hesab olunur. İfrat sağçı rus yazıçısı və ideoloqu Duqinin Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olduğu, onun qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərdiyi söylənilir. Hətta onu tez-tez “Putinin beyni” adlandırırlar.

Partlayışın kimlər tərəfindən və niyə törədilməsi sual doğurur. Bəzi mənbələr hadisənin Ukrayna tərəfindən qəsdən törədildiyini iddia edir. Lakin digər versiyalar da istisna deyil.

Gununsesi.info