Putin tam olaraq Ukrayna xalqının ruhunu anlaya bilməyib

  • By admin
  • 20 Fevral 2022 00:19

Bu gün çoxlarını bir sual maraqlandırır: Rusiya Ukraynanı işğal edəcəkmi?
Ukraynada yaşayan ictima-siyasi fəal kimi mənə də yüzlərlə həmvətənlərimiz bu sualı hər gün verir. Öncə qeyd edim ki, Rusiya Ukraynanı tarixdə iki dəfə işğal edib, 1654-cü ildə Rus çarlığı, 1919-cu ildə Sovet imperiyası adı altında. Putin rejimi bu ənənəni həyata keçirmək istəsə də, üçüncü işğal cinayətini tam olaraq həyata keçirə bilmədi, Krım və Donbasın 33% hissəsi ilə məhdudlaşdı.
İndiki dövrə baxaq.
Artıq nə 1654-cü, nə 1919-cu, nə də 2014-cü ildir. Elə Ukrayna da o vaxtlardakı Ukrayna deyil. Ukraynalılar tarixdən möhkəm dərs almış, o tarixi səhvləri təkrar etməyəcək qədər möhkəmdirlər. 2014-cü ildən sonrakı Ukrayna artıq tam başqa Ukraynadır. 2014-cü ildə Prezident seçilən cənab Poroşenko əbəs yerə 3 strateji ideyanı əsas götürmədi, ordu, din və dil.

Bu gün artıq Ukraynada bu üç ideya tam olaraq möhkəmlənib və Putin bunu hamıdan yaxşı bilir. Ukraynanı savaşla qazana bilməyəcəyini çox gözəl anlayaraq, Ukraynaya qarşı hibrid müharibə aparır, 150 minlik ordunu Ukrayna sərhədinə yığaraq Ukraynanı qorxutmaq və təhdid etmək istəyir. Ancaq çox gözəl anlayır ki, 44 milyonluq Ukrayna xalqını belə ucuz şou ilə qorxuda bilməz və işğala qərar verərsə bu onun və rejiminin sonu olacaqdır!
Görünür, cənab Putin tam olaraq Ukrayna xalqının ruhunu anlaya bilməyib, 60-cı ilə kimi meşələrə çəkilərək sovetlərə qarşı partizan üsulu ilə müstəqillik mücadiləsi verən, yüzlərlə ziyalının kommunist ideologiyasına qarşı çıxaraq sovet həbsxanalarında disidentlik edən Ukrayna xalqının ruhunu yaxşı araşdırmayıb. Ukraynaya verilən beynəlxalq dəstək isə Putinin planını tam olaraq alt-üst etdi. Bütün sivil dünya Ukraynanın yanında olduğunu bəyan etdi və son bir neçə həftə ərzində Ukraynaya onlarla dövlət və hökümət başçıları səfər edərək tam dəstəklərini nümayiş etdirdilər.
Əziz həmvətənlərim, bu ağır və şərəfli mübarizədə biz qardaş Ukrayna xalqının və dövlətinin yanında olmalıyıq, necə ki ikinci Qarabağ savaşında ukraynalılar bizim yanımızda oldu.
Allah Ukraynanı, Allah bizi qorusun!!!

Yalçın Qəhrəmanoğlu

Ukrayna/Kiyev