Ukrayna ilə bağlı Moskva və Qərb arasında gərginliyin artması fonunda ABŞ-ın əsas qanunvericiləri Kremlə qarşı mümkün sanksiyaların nəticələrini nəzərdən keçirirlər.
ABŞ Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası fevralın 2-də “Rusiyanın Ukraynaya hücumu” mövzusunda dinləmələr keçirib.
Bu, Pentaqonun NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşa, Rumıniya və Almaniyaya qoşun göndərmək planlarını elan etməsindən bir neçə saat sonra baş verib.
“ABŞ və müttəfiqlərimiz Kremlin təcavüzü qarşısında geri çəkilməyəcək və biz Avropanın sülhə və azadlığa istənilən təhlükəyə cavab verməyə hazırıq”, – Helsinki Komissiyasının sədri, senator Ben Cardin debatları açarkən deyib.
“Kreml təkcə Ukraynaya, Gürcüstandakı tərəfdaşlarımızı və bütün regionı deyil, ABŞ-ın vahid və azad Avropanın yaradılmasına yönəlmiş siyasətini də təhdid edir”, – o əlavə edib.
Komissiyanın həmsədri, konqresmen Stiv Koenin fikrincə, Putin Ukraynanı ona görə təhdid edir ki, bu ölkə demokratiya və transatlantik inteqrasiya yolu ilə getməyə cəsarət edib. “Bu, inkişaf etməkdə olan demokratiyadır; əlbəttə ki, ideal deyil… və ancaq o halda normal demokratiya ola bilər ki, ona nəfəs almağa, yaşamağa və azad olmağa imkan verilsin”..
Onun sözlərinə görə, Putin “Ukrayna ilə durmayacaq”. “Biz Avropada hansısa böyük mümkün müharibə mərhələsindəyik…”, – Koen əlavə edib.
Senator Rocer Uikerin sözlərinə görə, Rusiya qüvvələri “təkcə Ukraynaya təhlükə törətmir, həm də Polşada, Baltikyanı ölkələr və ABŞ-da narahatlıq yaradır”.
Ağ Evin Rusiya üzrə keçmiş müşaviri Fiona Hill bildirib ki, “Kreml və Putin artıq çoxdandır ki, Rusiya dəyərlərindən və Rusiya tarixindən informasiya müharibəsində silah kimi istifadə edirlər, əsaən də söhbət Ukraynadan getdiyində.
Əgər Putin beynəlxalq qınaq və ya cavab reaksiyası olmadan Ukraynaya növbəti müdaxiləni edərsə, bu, ərazi mübahisələrinə cəlb edilmiş digər ölkələr üçün qlobal presedent yaradacaq.
O xatırladıb ki, Rusiya “öz silahlı qüvvələrini sülhməramlılar adı altında Dağlıq Qarabağa yeritmək üçün 2020-ci il müharibəsindən istifadə edib… İndi də Rusiya Ermənistanla Azərbaycan, həm də Türkiyə arasında gələcək münasibətlərdə vasitəçilik və idarəçilik etmək üçün hərəkətə keçib, əvvəllər Dağlıq Qarabağda beynəlxalq diplomatiyaya rəhbərlik edən ATƏT-i kənarlaşdırıb”, – Hill deyib.
Helsinki Komissiyasının həmsədri Koen dinləmələrin sonunda Putinə müraciət edərək ona “özünə araq tökməyi, qış Olimpiya Oyunlarından həzz almağı” və “soyumağı” təklif edib.
Gununsesi.info