Putindən “Vaqner”in keçmiş qərar rəisinə təklif: Rusiyada könüllü birləşmələr təşkil edilir

  • By admin
  • 29 Sentyabr 2023 12:30

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner” silahlı dəstəsinin keçmiş baş qərargah rəisi Andrey Troşevlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Son görüşdə sizin müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilən, ilk növbədə, təbii ki, “xüsusi hərbi əməliyyat” zonasında könüllü birləşmələr yaratmağınızdan danışdıq. Siz özünüz də bir ildən artıqdır ki, belə bir hissədə döyüşmüsünüz. Siz bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüş işlərinin ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələləri bilirsiniz”, – Kremlin mətbuat xidməti Putinin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, “xüsusi əməliyyat”ın bütün iştirakçıları – könüllülər və karyera hərbçiləri üçün sosial təminatlar eyni olmalıdır.

Qeyd edək ki, bundan əvvəl mətbuatda istefada olan polkovnik Andrey Troşevin “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin varisi hesab olunduğu barədə xəbərlər yayılıb.

Bu arada Kremlin mətbuat katibi Dmitri Peskov Troşevin Rusiya Müdafiə Nazirliyində işləməsi barədə məlumat verib.

“O (Troşev) artıq Müdafiə Nazirliyində işləyir”, – deyə Peskov RİA Novosti-nin Troşevlə bağlı sualını cavablandırıb.

Səid Əhmədli
Gununsesi.info