Putini qorxudan səbəblər – NAVALNI MƏHARƏTLƏ YARARLANIR/ TƏHLİL

  • By admin
  • 24 Yanvar 2021 10:57

Rusiyada keçirilən Navalnıya dəstək aksiyasına bizdə verilən bir sıra reaksiyalar çox əcaibdir.

 

Bir aksiya ilə Putinin vəzifəsindən gedəcəyini düşünmək sadəlövhlükdür. Orası dəqiqdir ki, Putin iqtidarda oturma müddətinə görə rəhmətlik Brejenvi də ötüb. Putinin hakimiyyəti üçün bu gün təhlükə yoxdur. Əksinə, onun bir sıra məsələlərdə uğurları da ortadadır.

 

Bəs Kremli qorxudan nədir? Bu günkü aksiyaya bütün Rusiyaboyu 80 minə yaxın adam çıxıb. 7-8 il əvvəl isə təkcə Moskvada Bolotnya meydanında 100 min etirazçı çıxmışdı. Amma Putin yenə postunda qaldı. Kremli qorxudan kasıb ruslar deyil.

 

Putin üçün əsas təhlükə informasiya texnologiyaları və orta təbəqədir. Futurist tədqiqatçılar hələ 10 il əvvəl proqnoz verirdilər ki, internet və informasiya texnologiyalarına çatımlılıq orta təbəqəni hakimiyyət üçün əsas problem yaradan faktora çevirəcək.

 

 

İnformasiya insana müqayisə etmək imkanı verir. Vətəndaşlar əvvəl dövlət TV-lərinin təqdim etdiyi informasiyaya baxırdılar, onların seçim imkanı yox idi. Bu gün OTT sistemi –İnternet, Youtube, sosial şəbəkələr, portallar alternativ platforma kimi vətəndaşa özünün seçdiyi xəbəri oxumaq şansı verir. Orta təbəqə təhsillidir, iqtisadi imkanı var…

 

 

Amma imkanlarının buxovlandığını düşünür. Onun əvvələr əlində olmadığı resurs-daha yaxşı ölkə reseptini müzakirəsi üçün alternativ informasiyası var. Hakimiyyət bunun qarşısında acizdir. Bu, böyük təzyiq dalğası yaradır, hakimiyyətdən sosial, siyasi müstəvidə diqqətli olmağı tələb edir. Böyük informasiya Aynası hamını göstərir, ictimai rəyi formalaşdırır, qəzəbi yönəldir, qəhrəmanı ortaya qoyur.

 

 

Heç bir pul, mənsəb bunun qarşısını ala bilməz. Kreml üçün ən böyük təhlükə budur: İnformasiya texnologiyalarının istənilən problemi həndəsi silsilə ilə artırmaq gücü var. Strukturlaşmış siyasi qurumu olmayan adamı ulduza çevirə bilir. “Navalnı faktoru” bariz nümunədir: Heç bir partiyaya rəhbər olmayan, proqramı bəlli olmayan, ideoloji “divarı” olmayan bir şəxs informasiyanı “barıt çəlləyinə” çevirir, bir çağırışı ilə 100 min adam küçəyə çıxır. “İnternet əsri” yeni idarəçilik qaydalarını tələb edir.

 

Bu qaydalar orta təbəqənin maraqlarını müdafiə, sosial ədalət, gəlirlərin ədalətli bölünməsidir. Onlyan eranın bu tələblərini başa düşən hakimiyyət həmişə rəqibindən bir addım qabağda olacaq.

 

Xəqani Səfəroğlu

Gununsesi.info