Putinin əleyhinə olan silahlı qruplaşma Ukrayna sərhədindən Rusiyaya keçdi – PUA-larla vurdular

  • By admin
  • 12 Mart 2024 15:16

Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ilində kritik bir proses baş verdi. Müharibə Rusiya ərazisinə də sıçrayıb.

Gununsesi.info xəbər verir ki, ötən gecə Ukrayna Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçan aparatlarla hücum edib və bu gün səhər saatlarında rusların da olduğu anti-Putin silahlı qruplaşmalarının Ukraynadan Rusiyaya daxil olduğu məlum olub.

Ukraynadakı hücumlarda yanan iki neft emalı zavodunun görüntüləri ortaya çıxıb.

“Rusiya azadlıq legionu” adlı müxalif qrup Rusiya ərazisinə daxil olan əsgərlərin görüntülərini paylaşıb. Rusiya ordusunu tərk edən rusların da daxil olduğu qrup Ukrayna ordusu ilə birbaşa təmasdadır.

Bildirilib ki, əməliyyatda Putinə qarşı olan ifrat sağçı “Rusiya könüllü qüvvələri” və Rusiya vətəndaşlarının daxil olduğu “Sibir dəstəsi” də iştirak edib.

Almaniyanın “Bild” qəzeti bu iki qrupun daha əvvəl də Rusiya ərazisinə hücum etdiyinə diqqət çəkərək, bu dəfə ölkəyə tankların girdiyini iddia edib. “Rusiya azadlıq legionu”nun rəsmi “Telegram” hesabındakı paylaşımda “Tanklar palçıqdan qorxmur. Biz sərhədi keçdik” deyilib.

“Biz Rusiyanı Putinin əlindən xilas etmək istəyirik və bu arzumuzu reallaşdırmaq üçün çox çalışırıq. Bu ölkəni qarış-qarış rejimdən geri alacağıq”, – deyə qruplaşmanın sözçüsü bildirib.

Digər tərəfdən, rusiyalı hərbi ekspert İan Matveev X sosial media platformasında yaydığı açıqlamada müxalif qüvvələrin Kursk və Belqorod bölgələrinə daxil olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna ərazisindən sızmanın qarşısı alınıb və geri çəkilən Ukrayna qüvvələri böyük itki verib. Açıqlamada Rusiyanın ölkənin bəzi bölgələrini hədəf almağı planlaşdıran Ukrayna qruplarını raket və hava hücumları ilə geri çəkilməyə məcbur etdiyi qeyd edilib.

Müdafiə Nazirliyi həmçinin bildirib ki, Ukrayna gecə saatlarında 25 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum etməyə cəhd edib.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin hücumlara müqavimət göstərdiyi, Moskva vilayətində 2, Sankt-Peterburqda 1, Belqorod vilayətində 7, Kursk vilayətində 11, Bryansk vilayətində 1,  Tula vilayətində 1, Oryol vilayətində 2 PUA-nın məhv edildiyi bildirilib.

 

Gununsesi.info