
Rusiya prezidenti Vladimir Putinin müharibə əleyhdarı rəqibi Boris Nadejdin seçkilərdə iştirakdan kənarlaşdırılıb.
Gununsesi.info xəbər verir ki, Nadejdinin seçkilərə qatılmaq üçün topladığı imzaların 15 faizinin “etibarsız” olduğu bildirilib.
“Rusiya üzrə 200 mindən çox imza topladım. Biz imza toplamağı açıq və vicdanla həyata keçirdik”, – deyə Nadejdin bildirib.
Rusiyanın Mərkəzi Seçki Komissiyası Nadejdinin təqdim etdiyi 9 mindən çox imzanın etibarsız olduğunu bildirib. Komissiya üzvü Andrey Şutov bildirib ki, Nadejdin namizəd olmaq üçün lazımi imzaları toplaya bilməyib.
MSK sədri Ella Pamfilova seçki yarışında 4 namizədin iştirak edəcəyini açıqlayıb. Dövlət başçısı postuna Rusiyanın hazırkı prezidenti Putin, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski, Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş deputat Nikolay Xaritonov (RFK), Yeni Xalq Partiyası sədrinin müavini Vladislav Davankov yarışacaq.
Qeyd edək ki, Nadejdin Putinin Ukraynada apardığı genişmiqyaslı müharibənin kəskin tənqidçisi idi.
Rusiyada prezident seçkiləri martın 17-də keçiriləcək.
Gununsesi.info