Putinin azərbaycanlı dostu Rusiyanın Ukraynaya təcavüzündən danışdı

Rusiya Prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı iş adamı İlham Rəhimov ilk dəfə Rusiyanən Ukraynaya hərbi təcavüzü haqqında danışıb. Gununsesi.info bildirir ki, News24.az-a danışan Rəhimov bunları deyib: “Fevralın 24-dən əvvəl mətbuata müsahibəmdə qeyd etmişdim ki, hərbi əməliyyatlar başlasa, bu böyük faciəyə səbəb olacaq.

Ümumiyyətlə, müharibə bütün hallarda faciədir. Bu gün isə ən çox bu faciəni yaşayan elə Ukrayna xalqıdır. Ukraynada yaşayan ukraynalılar və ruslardır. Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl başda ABŞ olmaqla bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməlyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı.

HTML tutorial

Bundan əlavə, Ukrayna prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhəddə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?! Gördüyünüz kimi suallar çoxdu. Münaqişənin həlli ilə bağlı sualınıza gəlincə isə dünyada bütün müharibələr sonda masada sülhlə bitir. Ümumiyyətlə, sonda böyük dövlətlərin razılaşması qaçılmazdır. Bu gün Qərb Rusiya qarşıdurması nə qədər kəskin olsa da, sonda böyük güclər bu və ya digər formada razılığa gəlməyə məcburdurlar. Bu olmadığı təqdirdə nə regionda, nə də dünyada sülh və stabilliyin təmin olunması mümkün deyil. Səbəb isə nüvə silahına malik dövlətlərin bir-birini məğlub etməsi, sadəcə fiziki cəhətdən mümkün deyil”.

Afət Abbasova

Gununsesi.info