Putinin azərbaycanlı dostu - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR

  • By admin
  • 26 Sentyabr 2020 12:22

 

“Qarabağ məsələsinin həllinin iki yolu var: ya sülh, ya da müharibə yolu. Bu problemin həllinin üçüncü yolu yoxdur. Məsələnin sülh yolu ilə həll olunması zamanı ortaya qoyulan şərtlər önəmlidir. Sülh danışıqlarında ermənilər 5 rayon təklif edəcək, Kəlbəcər və Laçın dəhlizini isə öz nəzarətlərində saxlayacaqlar. Eyni zamanda, Dağlıq Qarabağa müstəqillik verilməsini istəyəcəklər. Buna görə də düşünmürəm ki, münaqişə sülh yolu həllini tapsın”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Yeni Müsavat”a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, professor İlham Rəhimov Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı son durumu şərh edərkən deyib: “Mən buna görə də deyirdim ki, 5 rayonun qaytarılması təklifi bir tələdir. Biz sülh yoluna razılaşsaq, onlar bunu qələbə kimi qarşılayacaqlar.

Onsuz da dünya ictimaiyyətinin Qarabağla bağlı anlayışı, məlumatı tam deyil. Əgər qeyd olunan variant qəbul edilsə, dünya ictimaiyyəti belə anlayacaq ki, artıq Qarabağ məsələsi həll olundu. Biz bundan sonra nə qədər çalışsaq da, beynəlxalq aləmə sübut edə bilməyəcəyik ki, problem həllini tapmayıb.

Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla  razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır”.

“Sizcə, müharibə nə vaxt olmalıdır” sualına professor belə cavab verib:Müharibə hər an başlaya bilər, proseslər bunu göstərir. Qarabağ məsələsinin həllində Ermənistanın tutduğu mövqeyi ucbatından sülh yolu mümkün deyil. Biz torpaqlarımızı tam işğaldan azad etmək istəyiriksə, müharibəyə tam hazır olmalıyıq.