“Putinin getməsi ehtimalı çox böyükdür…” – “Siyasi baxımdan Rusiya uduzub, bu, birmənalıdır”

Kremlin Ukraynanın 4 vilayətində keçirdiyi “referendum” və ilhaq planı ilə Rusiya-Ukrayna savaşı daha qəddar və daha amansız mərhələyə daxil olur, dünyada nüvə silahından istifadə ehtimalı yüksəlir. Putinin Ukraynanın dörd regionunu Rusiyaya ilhaq etməsi faktiki olaraq tərəflərə müharibənin davam etdirməkdən başqa şans qoymur.

“AzPolitika.info” mövzunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edib.

HTML tutorial

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Rusiya Prezidenti Vladimir Putin dünyanın gözü qarşısında Ukraynanın 4 regionunda saxta referendum təşkil etməklə ilhaq prosesini həyata keçirdi. Bundan sonra Ukraynakı proseslər hansı istiqamətdə inkişaf edəcək?

– Əslində bundan qabaq ümidlər vardı ki, bu prosesləri bu və digər şəkildə dayandırmaq mümkün ola bilər. Bunun üçün müəyyən cəhdlər də olunurdu. Həm Rusiya, həm də Ukraynanın bu imkanı ola bilərdi. Amma ilhaq prosesindən sonra hiss edilir ki, Rusiya və Ukraynanın hərbi ssenaridən başqa yolu yoxdur. Hərbi ssenaridə kimin qalib gələcəyini demək çətindir. Əvvəla, Rusiya kifayət qədər zəifləyib. Digər tərəfdən, Qərbdə də belə fikirlər səslənir ki, artıq silah-sursat tükənib. Avropa İttifaqının komissarı Cozef Borell açıq bildirib ki, Avropanın silah anbarları boşalıb. ABŞ-da deyirlər ki, “Javelin” istehsalına başlamaq lazımdır. Hərbi mütəxəssis qeyd edir ki, ABŞ-da ildə 800-ə qədər belə silah istehsal olunur, artıq Ukraynaya 8 mindən çox belə silah verilib. Bildirir ki, “Javelin” istehsal etmək üçün zavod qurulmalıdır. Mən hələ başqa silahları demirəm.

Aydın görünür ki, hərbi əməliyyatlar dayanmayacaq. Bəli, bir neçə ay əvvəl hansısa mərhələdə Ukrayna atəşkəsə razılıq verməli idi. Məsələn, biz 1994-cü ildə atəşkəsə getdik və danışıqlar prosesi başlandı. Biz eyni zamanda öz mövqeyimizi saxladıq, amma anlayırdıq ki, bizim imkanımız yoxdur ki, hərbi baxımdan Ermənistanı, əslində rusları dayandıraq. Odur ki, fasilə götürdük. Məncə, Ukrayna da bu taktikanı seçməli idi. Həm itki və dağıntılar az olacaqdı, həm də danışıqlar gedəcəkdi. Kimsə demirdi ki, Kiyev öz mövqeyini dəyişməlidir. Biz 1994-cü ildən sonra nə mövqeyimizdən, nə də ərazi bütövlüyümüzdən keçməmişdik. Mümkündür ki, Ukrayna da bu yolu seçə bilər, amma mövqeyindən də imtina etməzdi. İndi eşidirəm ki, artıq Nikolayevdə məşhur gəmi təmiri zavodunu da yandırıb dağıdıblar. Halbuki SSRİ vaxtı orada az qala təyyarə daşıyan gəmilər tikilirdi. Demək istəyirəm ki, Ukraynada itki və dağıntılar çox ağrılıdır.

– Deyirsiniz ki, artıq hər iki dövlətin qarşısında bir yol qalır – hərbi ssenarini davam etdirmək. Bundan sonra sizin gözləntiniz nədir?

– Siyasi baxımdan məsələ həll edilib. Rusiya uduzub və bu, birmənalıdır. Hərbi baxımdan Ukraynanın Rusiyanı məğlub etmə imkanı varmı? Doğrusu, bu barədə ümumi məlumatlar da var. Mən hesab edirəm ki, Ukrayna hələ buna qadir deyil. Bəli, Ukrayna ordusu hansısa kəndi, qəsəbəni və ya şəhəri boşaldıb, bu öz yerində. Amma Putin də dirənib. Deyir buralar artıq Rusiyanın ərazisidir. Yəni artıq “xüsusi əməliyyat” aparmır. Elə siyasi çərçivə yaradıb ki, kimisə mobilizasiya edəndə deməyəcək ki, sən Ukrayna ərazisinə, kimisə qorumağa gedirsən. Deyəcəklər ki, Rusiya sənin vətənin, torpağındır, onu qorumağa gedirsən. Yəni daha da sərtləşdirib. Əlbəttə, saxta referendum, birləşmək məsələsinin necə həyata keçirildiyi bəllidir. Mən, sadəcə real vəziyyəti qiymətləndirirəm. Deyəcək, get, torpağını qoru. Həm də nə qədər insanı orduya çağıracaq və sona qədər vuruşacaq. Görünən budur.

 

 

– Putin bəyan etdi ki, Rusiya danışıqlara hazırdır, Zelenski isə bildirdi ki, onlar Rusiyanın yeni Prezidenti ilə danışıqlar aparacaq. Hazırda Putin hakimiyyətinə təhlükə varmı?

– Rusiyada siyasi və iqtisadi böhran göz önündədir. Millət hara imkan tapır, gedir. Gürcüstana, Qazaxıstana, Ermənistana qaçır, bizə gələnlər var. Hətta hərbi çağırışdan qaçmaq məqsədilə Monqolustana belə gedib çıxıblar. Bunlar əslində böhranın göstəricisidir. Əlbəttə, o demək də deyil ki, Putin insanları küçədən tutub müharibəyə göndərəcək. İnsan resursu kifayət qədərdir. Ukraynanın bütün bunları darmadağın etməyə gücü yetəcəkmi? Və bu, nəyin hesabına baş verəcək?

Bu baxımdan deyirəm ki, hərbi əməliyyatlar çıxış yolu deyil. Bəli, Rusiya rəhbərliyi dəyişməsə, bu cür davam edəcək. Putin birmənalı göstərib ki, bu siyasətini dəyişməyəcək. Ehtimal var ki, Putin getsin, başqası gəlsin. Mən də deyərdim ki, belə ehtimal çox böyükdür. Biz görürük ki, rus elitasında hərə bir yerə qaçır. Mən siyasi elitanı deyil, rus cəmiyyətinin elitasını nəzərdə tuturam. Müğənnilərdən tutmuş yazıçılara qədər. Bu onu göstərir ki, cəmiyyətin hakimiyyət siyasətinə dəstəyi olsa da, lazım olan səviyyədə deyil. Yəni cəmiyyətin nə qədər hissəsinin və ya faizinin dəstəkləməyi məsələsi.

Qərb-Rusiya qarşıdurmasında, mən əminəm ki, Rusiya uduzmalıdır. Güclər nisbəti Rusiyanın xeyrinə deyil. Amma bunun qurbanı bir dövlət olaraq Ukraynadır. Məsələn, ABŞ mediasında yazırlar ki, təzə taktika seçməliyik. Yəni hərbi əməliyyatları davam etməliyik, ümid etməliyik ki, bunun nəticəsində Rusiya zəifləyəcək və Putin bu mövqeyini tərk edəcək. Amma bu nə qədər çəkəcək? Artıq Ukrayna ərazilərinin 20 faizi işğal altındadır, özündə qalan hissəsi dağılıb, 10 milyon qaçqını var. Üstəlik, iqtisadi baxımdan Ukrayna geri düşüb, infrastruktur dağılıb. Ukrayna buna nə qədər dözə bilər? Daha vacibi, Putin getdi, sonra? 10 milyon qaçqın qayıdacaqmı? Bəllidir ki, Ukraynaya qarşı cinayət törədilib, birmənalı. Amma nəticə etibarı ilə Ukrayna xalqı qurban olub.

– Putin mesaj verir ki, onun ərazisinə təhlükə yaranarsa, taktiki nüvə silahından istifadə olunacaq. Faktiki Moskva hesab edir ki, Donetsk, Luqansk və ya Xerson onun torpağıdır, əgər Ukrayna ordusu bu ərazilərə hücumu davam etdirsə, belə risk gerçəkləşə bilərmi?

– Strateji deyil, taktiki silahlardan istifadə edə bilər. Artıq Avropa və ABŞ bundan ehtiyat etdiyini dilə gətirib. Nüvə silahı istifadə edilsə, qaçqınların sayı nə qədər olacaq? Ukraynadan böyük qaçqın axını müşahidə ediləcək. Mənim qənaətim belədir ki, hərbi baxımdan Ukrayna Rusiyanı uda bilməz. Ukrayna hansısa əraziləri azad edə bilər. Putin taktiki nüvə silahından istifadə etsə, onda necə olacaq?

– Düşünürsünüz ki, bu halda Qərb susacaq?

– Qərb buna qarşılıq olaraq Rusiyaya nüvə silahı tətbiq edəcəksə, aydındır ki, Moskva cavab olaraq ABŞ-ı vuracaq. Çoxları belə düşünür. Sizcə, Ukraynaya görə tərəflər Moskva və ya Vaşinqtonu dağıtmağa gedərmi? Mən buna inanmıram.

 

 

– ABŞ Prezidenti Bayden elan edir ki, Ukraynaya ərazilərini qorumaq və geri almaq üçün modern silahlar verəcəyik…

– Bu, böyük ehtimalla taktiki silahlardır. Strateji nüvə silahı olan ölkəni məğlub etmək mümkün deyil, onu dağıtmalısan. Amma vəziyyət elədir ki, səni onu dağıtdıqca, o da səni dağıtmağa çalışacaq. Burada başqa yol yoxdur. Rusiya görsə ki, onu dağıtmaq üçün raketlər uçur, aydındır ki, öz raketlərini də ABŞ və ya Avropaya göndərəcək. Odur ki, nüvə gücü heç kimə zarafat gəlməməlidir.

– Yəni vəziyyətdən çıxmaq imkanı yoxdur?

– Əslində çıxış yolu var. Təəssüflər olsun ki, indi vəziyyət daha da mürəkkəbləşib. Rusiyanın bu əraziləri ilhaq etməsi, himayəsinə alması baş verib. Nəzərə alın ki, Putinin yerinə sabah gələn adam bu siyasətə riayət etməlidir. Torpaqlarını Ukraynaya qaytarmaq üçün isə azından referendum keçirməlidir. Bu baxımdan Putindən sonra gələn siyasətçilər bunun ziyanını çəkəcək. Məncə, bir azdan mövcud təhlükə nəzərə alınaraq, qısa müddətli olsa da, atəşkəs ola bilər.

– Amma indiki situasiyada Ukrayna Rusiya ilə danışıqları rədd edir…

– Əslində, daha dəqiq desək, Qərb qəbul etmir. Belə halda qanlı döyüşlərin davam edəcəyi gözləniləndir. Amma bu məsələnin həlli deyil. Ümumən problemin yekun və müvəqqəti həlli ola bilər. Məncə, prosesləri müvəqqəti dayandırıb, sonra Rusiyanın daxilində gedən prosesləri gözləmək lazımdır. Mən dediyimi ABŞ mediasında analitiklər də təklif edirlər. Sadəcə, onlara görə, lokal hərbi əməliyyatlar da buna paralel getməlidir ki, Rusiyanın zəifləməsi hansısa həddə çatsın. Mənsə deyirəm ki, Rusiyadakı prosesləri gözləməyin nəticəsində Ukrayna da tam dağıla bilər. Odur ki, müvəqqəti atəşkəs bu baxımdan lazımdır.

– Gəlin, konkretləşdirək, Rusiyanın daxilində hansı proseslər gedə bilər?

– Rusiya daxilində proseslərin başlanacağı qaçılmazdır. Məsələn, siyasi, iqtisadi böhran baş verəcək. Eləcə də Rusiyanın parçalanması. Hazırda Dağıstanda müəyyən proseslər gedir, insanlar deyir ki, Ukrayna müharibəsi bizim müharibə deyil. Yəni ölkənin bütövlüyünə təhlükə yaradan proseslər gedir. Ölkənin bütövlüyü sual altına düşür. Onlar güclə Çeçenistanı öz tərkiblərində saxlayıblar. Amma hansısa böhran nəticəsində çeçenlərin yenidən müstəqillik ideyalarına qayıtmayacağına heç kim qarantiya verə bilməz. Yəni parçalanma təhlükəsi var.

– İddialar var ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlunu Putinin yerinə gətirmək niyyətləri var, ordu ilə xüsusi xidmət orqanları arasında Putindən sonrakı dövr üçün kəskin mübarizə gedir və s…

– Bəli, bunlar hamısı təbii prosesdir və getməlidir. Amma baxın, Putin işi elə qurub ki, onun yerinə gələnlər işğal edilmiş əraziləri Ukraynaya qaytarsa, insanlar etiraz edəcək. Sözsüz ki, gələcək hakimiyyət üçün bu, həll edilməyən mina kimi qalacaq. Ötən gün Putinin təntənəli teatr düzəltməsi həm də bunun üçündür. Putinin yerinə gələn bu məsələləri həll etməlidir. Torpaqları qaytarsa insanlar deyəcək ki, qan tökdük, vuruşduq, Putin aldı, indi sən onu geri qaytarırsan. Qısacası, Putin onun yerini tutacaq siyasilər üçün də minalar yaradıb.

Gununsesi.info