Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Donbassın Kiyevin nəzarətində olmayan ərazilərinin sakinlərinə Rusiyanın “Qosusluqi” portalı vasitəsilə sosial ödənişlərin verilməsi barədə sərəncamını Ukraynanın suverenliyinin pozulması kimi qiymətləndirir və onun ləğv edilməsini tələb edir.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin saytında qeyd olunub.
“Biz Rusiya Federasiyası Prezidentinin Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş hissəsinin sakinlərinə Rusiyanın “Qosusluqi” portalı vasitəsilə sosial ödənişlərin verilməsi haqqında sərəncamının dərc olunmasını Ukraynanın suverenliyinin növbəti pozuntusu kimi qiymətləndiririk. Dövlətimiz və tərəfdaşlarımız vəziyyətin gərginliyini azaltmaq üçün hər cür səy göstərdiyi bir vaxtda Rusiya rəhbərliyinin yeni qərarı bu diplomatik səylərə töhfə vermir”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, dünən Kremlin saytında Rusiya Federasiyası prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərində yaşayan Rusiya vətəndaşlarına sosial ödənişlər və müavinətlər verilməsi üçün sərəncam imzalaması barədə məlumat dərc edilib.
Gununsesi.info