“Putinin sözlərinin hədəfi türk dövlətləri deyil” - ƏRDOĞAN

  • By admin
  • 23 Fevral 2022 19:12

“Rusiya Prezidenti Vladimir Putinin açıqlamasında türk dövlətlərinin nəzərdə tutulduğuna dair bir ifadə görmürəm”.

Gununsesi.info-nun “Haber Global”a istinadla məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlər Türkiyə liderinə Vladimir Putinin “Respublikaları SSRİ-dən çıxarmaq hüququ onun bünövrəsinə qoyulmuş bir mina idi” fikri ilə bağlı sual ünvanlayıb, bu fikrin hədəfinin türk dövlətləri olub olmamasını soruşublar.

“Əlbəttə ki, Türk dövlətləri də SSRİ-ni formalaşdıran respublikalar arasında idi. Bu tarixi bir həqiqətdir. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan etdilər. Buradan 15 müstəqil dövlət yarandı. Bu da tarixi bir həqiqət və hüquqi nöqteyi-nəzərdən təsdiqlənmiş bir vəziyyətdir. Rusiya da bir sovet respublikası kimi deyil Rusiya Federasiyası olaraq yoluna davam etdi. Dolayısı ilə burada Türk respublikalarının və ya digər ölkələrin nəzərdə tutulduğunu düşünmək istəmirik. Təşkilatımız Türk dövlətləri arasında başda iqtisadi, ticarət, mədəni və bəşəri mövzularda əməkdaşlığı və həmrəyliyi artırmağı hədəfləyir. Bu heç bir ölkəyə və ya təşkilata qarşı bir cəhd deyil. Bunu cənab Putin də bilir. Cənab Putin bu ifadələri Ukraynanın şərqindəki separatçıların qondarma hakimiyyətlərini tanıyan qərarını açıqladığı zaman söyləmişdi. Əlbəttə, bizim Türkiyə olaraq Krımdakı mövqeyimiz nə idisə, buralarda da mövqeyimiz eyni oldu. Odur ki, verdiyimiz açıqlama ilə də Ukraynanın ərazi bütövlüyü barədə mövqeyimizi ortaya qoyduq və Rusiyanın bu davranışını rədd etdiyimizi bildirdik”, – deyə R.T.Ərdoğan bildirib.

 

 

Gununsesi.info