Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin təxirə salındığı iddia edilib.
Gununsesi.info-nun məlumatına görə, “Reuters” xəbər agentliyi Rusiya KİV-lərinə əsaslanan xəbərlərində bildirib ki, səfər aprelin sonu və ya ən tez mayın əvvəlində planlaşdırılıb.
Bu iddia ilə bağlı suala Kremlin sözçüsü Dmitri Peskov, “Səfərin təxirə salındığını təsdiq edə bilmərəm. Tarix açıqlanmayıb” deyib. Peskov iki liderin görüşünə hazırlıqların davam etdiyini bildirib.
Qeyd edək ki, səfərin aprelin 12-də baş tutacağı bildirilirdi. Türkiyə səfəri baş tutsa, Putin Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə NATO üzvü olan bir ölkəyə ayaq basmış olacaq.
Kremlin sözçüsü Dmitri Peskov səfərin həm ikitərəfli, həm də regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olacağını bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Maltanın paytaxtı Vallettada verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin Ankarada Ukrayna müharibəsi və Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə edəcəklərini bildirib.
Fidan bildirib ki, Moskva 2023-cü ilin iyulunda sazişdən çıxdıqdan sonra Türkiyə Birləşmiş Millətlər Təşkilatı və Ankaranın vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq üçün Ukrayna və Rusiya ilə təmaslar qurur.
Gununsesi.info