
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb. Gununsesi.info-nun məlumatına görə, prezidentlər Sank-Peterburqda bağlı qapı arxasında tet-a-tet görüşdədirlər. Rusiya prezidenti Vladimir Putin Ərdoğanla görüşün 2015-ci ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu deyib. Görüş təkbətək və geniş formatda baş tutacaq.
Prezidentlərin görüşündə Rusiya prezidenti əlavə edib ki, türkiyəli həmkarı ilə ikitərəfli görüşün bütün spektrını, o cümlədən iqtisadi əlaqələrin bərpası, terrorizmə qarşı mübarizədə əməkdaşlığı müzakirə etmək niyyətindədir. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti çıxışında Moskva və Ankara arasında əməkdaşlığın öz növbəsində regionda bir çox problemlərin həllinə töhfə verəcəyinə ümidvar olduğunu da bildirib.O, Rusiya prezidentinin Türkiyədə uğursuzluğa düçar olan dövlət çevrilişinə cəhddən dərhal sonra ona zəng etdiyinə və xalqa verdiyi dəstəyinə görə, Putinə təşəkkür edib.
“Türkiyə-Rusiya münasibətləri hazırda müsbət istiqamətə yönəlib. Bizim proseslərin gedişində belə böyük məqəsədə nail olmağımızı siz də, mən də yaxşı bilirik.Düşünürəm ki, bizim sizinlə apardığımız danışıqlarda bundan sonra da proseslərin genişlənməsi istiqamətində davamlı işlər aparacağıq” – deyə, o, bəyan edib. Ərdoğan həmçinin deyib ki, bu ziyarətlə birlikdə, sırası bizdə olan yüksək səviyyəli müzakirələrə başlanıldığı üçün məmnundurlar: “Aramızda masa arxasında müzakirə edilməli bir çox ikitərəfli əlaqələrimiz var. Bölgənin siyasi olaraq bizlərdən gözləntiləri var. İnanıram ki, münasibətlərimiz bölgədəki problemlərin həllinə də yardımçı olacaq”.
Gülnaz Qənbərli
Gununsesi.info