Putinlə görüşən Prezidentin imici zədələndi

  • By admin
  • 19 Aprel 2019 09:47

Məlum olduğu kimi Estoniya prezidenti Kersti Kaljulaid aprelin 18-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Gununsesi.org xəbər verir ki, bu, hər hansı Estoniya rəhbərinin son 8 ildə Rusiyaya ilk səfəridir.

Moksvaya Estoniyanın yeni səfirlik binasının açılışına gələn Kaljulaid Putinə deyib ki, “qonşular hətta aralarında müəyyən fikir ayrılığına baxmayaraq danışmalıdırlar”.

Lakin Putin Estoniya prezidentinə bildirib ki, “rəsmi şəxslər, rəsmi dövlət qurumları və qonşular arasında təmasların olmaması normal vəziyyət sayıla bilməz”.

Estoniya ilə Rusiya arasında münasibətlər Tallinn 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olandan və Moskva 2014-cü ildə Krımı ilhaq edəndən bəri soyuyub.

O vaxt Ukrayna ərazisinin zəbt edilməsi Baltik ölkələrində Rusiya təcavüzünün növbəti hədəfi olacaqlarına dair narahatlıq yaratmışdı.

Kaljulaid Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən bu yana Moskvaya səfər edən və Putinlə görüşən ilk Baltikyanı dövlət başçısıdır.

Putin görüş zamanı deyib ki, Estoniya və Rusiya arasında ticarət 2014-cü ildən bəri 50 faiz azalıb.

Həmin il Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstək verdiyinə görə Avropa İttifaqı tərəfindən Rusiya üzərinə sanksiyalar qoyulub.

Kaljulaid Putinlə görüşdüyünə görə Estoniyada tənqid olunur.

Estoniya prezidenti ABŞ qoşunlarının və Patriot raketlərinin öz ölkəsində yerləşdirilməsinə çağırmışdı.

Hazırda Estoniyada Britaniya hərbçilərinin rəhbərliyi altında min nəfərlik NATO əsgəri qüvvəsi var.

Estoniya, Latviya və Litva II Dünya Müharibəsi illərində Moskva tərəfindən işğal və ilhaq edilmişdi.