“Qəbələ” klubu Avroliqanın üçüncü mərhələsinə yüksəldi - YENİLƏNİB

  • By admin
  • 21 İyul 2017 00:52

qabala-3

Rəqibini əks hücumda yaxalayan “Qəbələ” 89-cu dəqiqədə hesabı artırıb. Cavid Hüseynovun ötürməsindən sonra Filip Ozobiç fərqlənib.

Roman Qriqorçukun yetirmələri səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılaraq iki oyunun nəticəsinə görə Polşa komandasını mübarizədən kənarlaşdırıb və təsnifat mərhələsinin növbəti turuna yüksəlib.

Beləliklə, “Qəbələ” komandası iki il əvvəl qarşılaşdığı Yunanıstanın “Panatinaikos” kollektivinə rəqib olub.

23:20

“Qəbələ” – “Yagelloniya” oyununun ilk hissəsi 1:0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib.

23:07

“Qəbələ” klubu “Yagelloniya” ilə oyunda hesabı açıb. Topu 18-ci dəqiqədə Polşa təmsilçisinin qapısından İlqar Qurbanov keçirib.

22:34

“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşır.

Gununsesi.info xəbər verir ki, Belostok şəhər stadionunda keçirilən görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi rumıniyalı Konstantin Sebastyan Kolteskudur. Ona həmyerliləri Radu Adrian Stefan Ginquleaç və Vladimir Urzika kömək edirlər. Dördüncü hakim funksiyasını George Katalin Qaman yerinə yetirir.

Azərbaycan təmsilçisinin start heyətində Dmitri Bezotosnı, Voyislav Stankoviç, Endryu Hellidey, Cavid Hüseynov, Vitali Vernidub, Dion Malone, İlqar Qurbanov, Filip Ozobiç, Deyv Bultuis, Steven Jozef-Monroz və Famussa Kone yer alıblar.

Polşa komandasının ilk on birliyində meydana Marian Klemen, Taras Romançuk, Lukaş Burlika, Arvidas Novikovas, Fyodor Çerniç, Gilyerme Sitya, Pırjemislav Mistovski, Qutyer Tomelin, İvan Runye, Silian Şeridan və Rafal Qrzib çıxıblar.

Qeyd edək ki, ötən mövsümün Azərbaycan Premyer Liqasının gümüş mükafatçısının “Yagelloniya” ilə bir həftə əvvəl Bakıda keçirilmiş matçı 1:1 hesabı ilə yekunlaşmışdı.

“Qırmızı-qaralar” Polşa komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, təsnifat mərhələsinin növbəti turunda Yunanıstanın “Panatinaikos” klubu ilə oynayacaq.

Gununsesi.info