Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qədir Aslanın 80 illik yubileyinə həsr olunan veriliş hazırlanıb.
Gununsesi.info xəbər verir ki, “Mədəniyyət TV”-nin efirində yayımlanan “Nəcib söhbətlər” verilişinin növbəti buraxılışında Qədir Aslanın yaradıcılığından bəhs olunub.
Verilişin qonağı olan Əməkdar jurnalist həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüb, gələcək arzularından söz açıb.
Qeyd edək ki, Qədir Aslan 1944-cü il may ayının 18-də qədim Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, BDU-nun jurnalistika fakültəsini bitirib. Bakıda təhsilini başa vurduqdan sonra Basarkeçər rayonuna qayıdaraq, ilk jurnalistika fəaliyyətinə orada çıxan “Bolluq uğrunda” qəzetində müxbir kimi başlayıb.
O, uzun illər Qərbi Azərbaycanda yaşayıb, yaradıb. Sonradan adı dəyişdirilib “Vardenis” olan qəzetin 20 il məsul katibi olub. Qədir Aslan 1988-ci ildən Bakı şəhərində yaşayır. “Göyçə Şəhidləri”, “Qədim Oğuz yurdunun milli qəhrəmanları”, “XX əsrin Koroğlusu”, “Gorandoy Qartalları” və ümumilikdə 10-dan çox kitabın, çoxsaylı oçerk və məqalə müəllifi olan Qədir Aslan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülüb.
SSRİ Jurnalistlər İttifaqına Ermənistandan üzv olan ilk azərbaycanlı məhz Qədir Aslan olub. O, bu ada 1974-cü ildə layiq görülüb.
1988-ci ildə deportasiya səbəbi ilə Azərbaycana gəlib. Müxtəlif mətbu orqanlarında çalışıb.
Qədir Aslan 24 ildir fasiləsiz olaraq “Respublika” qəzetinin diaspora şöbəsinin müdiri vəzifəsində çalışır.
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.