Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr olunmuş 28 elmi kitabın, 400-ə yaxın məqalənin müəllifidir.
Çoxcəhətli elmi fəaliyyəti və məhsuldar elmi yaradıcılığı ilə bərabər M.Hüseynovanın orijinal bədii əsərlərini əhatə edən, Mahirə Nağıqızı imzası ilə nəşr edilmiş 14 şeirlər kitabı da oxucular tərəfindən maraqla qarşılanıb.
Şairənin bu yaxınlarda işıq üzü görmüş “Salam olsun” adlı 15-ci şeir kitabına igid əsgərlərimizin 44 günlük Vətən müharibəsində göstərdilkəri şücaət və qəhrəmanlığı vəsf edən poeziya nümunələri daxil edilmişdir.
Bu şeirlərin fonunda əminliklə demək olar ki, Mahirə Nağıqızı müasir poeziyamızın məzmun və forma, o cümlədən bədii dil baxımından mükəmməl nümunələrini yaradan şairlərimizdən biridir.
Onun poeziyasının bədii dili bütün parametrlərinə görə müasir ədəbiyyatımızın dəyərli nümunələrindən hesab edilməyə layiqdir. Mahirə Nağıqızının zəngin və orijinal poeziyası çoxəsirlik Azərbaycan şeirinin ən səciyyəvi cəhətlərini özündə əks etdirməklə yanaşı, bədii dilin üslub və ifadə xüsusiyyətlərini müasir səviyyədə layiqincə təmsil edir.
Mahirə Nağıqızının poeziyasında heca vəznli klassik yazılı poeziyamızın və aşıq şeirinin dil-üslub elementləri yüksək sənətkarlıqla əks olunmuşdur.
Azərbaycan dilinin daxili xüsusiyyətlərini əks etdirən heca vəznli şeirlərimizdə əks olunan forma və şəkil xüsusiyyətləri Mahirə Nağıqızı şeirlərində mükəmməl nümunələrlə üzə çıxır.
Onun şeirlərində dərin fəlsəfi məzmun, Vaqifin, Ələsgrin şirin dili, milli ruhu, bənzərsiz sənətkarlığının izləri vardır. Mahirə Nağıqıznın şeirlərində müasir Azərbaycan ədəbi diliin bütün üslubi imkanlarını, bədii təsvir və ifadə vasitələrini, obrazlılığın fonetik, leksik və qrammatik təzahürünü, rəngarəng nümunələrlə görə bilirik.
Məhz bu cəhətlər hər bir oxucunun ruhunda dərin iz buraxır, ədəbi tənqidin, poeziya həvəskarlarının səmimi marağına səbəb olur.
Mahirə Nağıqızının poeziyasının bədii dil xüsusiyyətlərinin araşdırılması zərurəti də onun şeirlərindəki dil faktlarının zənginliyindən, orjinal ifadə tərzindən, şeirlərinin oxucunu ovsunlayan milli ruhundan yaranmışdır.
Əminliklə deyə bilərik ki, şairin “Salam olsun” şeirlər kitabı müstəqillik dövrü Azərbaycan poeziyası üçün dəyərli bir nümunədir. 1991-ci ildən 2020-ci ilə qədər Azərbaycan ədəbiyyatında yazılan bütün şeir və nəsr nümunələrində gələcəyə inamla yanaşı dərin bir kədər, yurd nisgili, vətən həsrəti, Birinci Qarabağ müharibəsindən sonra xalqımızın yaşadığı ağrı-acılar əks olunurdu.
Məsələn, Xalq şairi Xəlil Rza Ulutürk “ Qaytar mənim qüdrətimi, Azərbaycan” şeirində yazırdı:
Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.
Nümunədən də göründüyü kimi, Müstəqil Azərbaycanın poeziyası son 30 ildə məzmunca gələcəyə nə qədər inamlı olsa da, bir o qədər də kədərli idi.
Lakin bu misralarda bir həqiqət payı da vardı. 30 ildən sonra Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 Günlük Vətən müharibəsində işğal altında qalmış torpqalarımızı azad etdi. Azərbaycan xalqı bu dibsiz cəhənnəmdən üzü ağ çıxdı, qalib çıxdı.
Bu möhtəşəm qələbəmizin ilk poetik ifadəsi isə Mahirə Nağıqızının “Salam olsun” şeirlər kitabında əks olundu.
Mahirə Nağıqızı Azərbayacan poeziyasının məzmununda baş verən bu inqilabi yeniliyi poetik dillə belə ifadə edir:
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız
Dalğalandı Şuşada nur bayrağımız,
Qurban olum, hamınıza salam olsun!
Şairin ilk salamı tarixi sətir-sətir yazanlaradır, qalib Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevədir, Türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğanadır, bu salam vətən uğrunda canlarından keçmiş şəhidlərimizədir, Qarabağa, Şuşaya, Xankəndiyə, vətənin daşına, qayasına, yoluna, izinədir.
Salam vermək dinimizcə də müsbət əməldir. Abdullah ibn Amr rəvayət edir ki, bir nəfər peyğəmbərimizdən soruşdu: “İslamda ən xeyirlisi hansıdır?” Peyğəmbərimiz buyurdu: “Yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin.” Salam verməklə bağlı başqa bir rəvayətdə deyilir ki, Peyğəmbərimiz demişdir: “Kiçik böyüyə, yeriyən oturana və az olan çox olana salam verməlidir.”
Mahirə Nağıqızının bağrından qopan “Salam olsun!” nidası həm də xalqımızın qalib sərkərdəsinə, Vətənimizin qüdrətli ordusuna, Azərbaycanın haqq işində onun yanında duran böyük Türk xalqına ünvanlanıb:
Adı qalar zaman-zaman Sər doğanın
İzi qalmaz hər olanın, hər doğanın.
İlham, sizin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
Bəndin məna yükü dərindir. Şair ilk misrada anadan başçı – sərkərdə doğulanların adının tarixdə qalacağını vurğulayır, növbəti misrada isə, ilk misradakı fikrin məzmun və forma vəhdəti əsas fikrin ifadəsini, təsir gücünü qüvvətləndirir.
Mahirə Nağıqının “Salam olsun” kitabında yer alan ilk beş şeirin adı bütövlükdə Azərbaycan sözünün bədii-obrazlı təzahürüdür desək, yanılmarıq. “Azərbaycan”, “Vətəndir”, “Son döyüşə hazır ol”, “Uca bayrağım”, “Şəhidlər”.
Bu beş adda Vətənimizin simvolik obrazı o qədər aydın təsvir olunur ki, sanki onlar Azərbaycanı tanımaq üçün, xalqımızın varlığını ifadə etmək üçün açar sözlər rolunu oynayır. Kitabda yer alan digər şeirlərin adları da təsirlidir: “Ay vətən”, “Xocalı”, “Danışan daşlar”, “Zəhranın qanı”, “Cəbhəyə məktub”, “Kəbəcər üçün oxşama”, “Laçınım-Laçınım”, “Şuşa məscidində azan”… Bu adlar altında yazılmış misralar bütövlükdə bir Azərbaycandır.
Kitabda yer alan şeirlər milli-vətənpərvəlik mövzusunu ifadə etməklə yanaşı, poeziyamızın son dərəcə zəngin poetik deyim və forma elementlərini özündə dolğunluqla əks etdirir.
Məsələn, şairin poetik dilində işlədilən bədii ifadə vasitələrindən təkririn hər iki formasının – anafora və epiforanın poetik rəngarəngliyi və üslubi çalarları ilə qarşılaşırıq.
Şair yüksək sənətkarlıqla bu üslubi fiqurun fikrin qüvvətlənməsi, ritmin artırılması üçün istifadə edir. “Ana dilim” şeirində epiforalar dərin məzmunun emosional təqdimi fonunda şeirə əlavə gözəllik verir:
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var,
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm, babam amanatı, ana dilim.
Ana dilimizə xitabən yazılmış bu misraların təkcə forma gözəlliyi, sənətkarlıq elementləri deyil, məzmunu belə oxucunu ovsunlayır, düşündürür, ayrı bir dünyaya aparır.
Azərbaycan poeziya tarixində Ana dilimizə şeir həsr edən bir çox sənətkarlarımız – Məhəmməd Hüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Tofiq Bayram olmuşdur. Arazın o tayında Məhəmməd Hüseyn Şəhriyarın qəlbindən qopan
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
misraları insanı necə öz ağuşuna alırsa, Arazın bu tayında Mahirə Nağıqızının qəlbindən süzülüb gələn –
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlardan izin qalıb,
Çox dillərdə rəddin qalıb, rizin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim.
nidası bütöv türk dünyasının-türklərin, azərbaycanlıların, qazax, türkmən, qırğız, bir sözlə türk ulusunun ana dilinə yazılmış himn təsiri bağışlayır.
Yüksək sənətkarlıq, bədii formalar, təkrirlər, təşbehlər misralara melodiklik, intensivlik gətirməklə yanaşı şeirin məzmunu, daşıdığı məna yükü oxucuya ana dilimiz haqqında geniş məlumat verir.
İlk bəndə müəllif ana dilimizin, türk dilinin yaşını dünyanın yaşına bərabər tutur və əlavə olaraq bildirilir ki, bu dilin tarixi dünyanın yarandığı gündən dünyanın sonuna qədər var olacaqdır. İkinci bənddə Türk dilinin-dilimizin tarixi ilə yanaşı coğrafi genişliyi əks olunur.
Orxon-Yenisey abidələrinin adını çəkən şair dilimizin yazılı tarixini, Altaylar, Balkanlar deməklə dilimizin hüdudsuz sərhədlərini göstərir. Müəllif sonuncu misralarda isə Azərbaycan dilində işlənən
-uzun yaşamaq frazemindən istifadə etməklə həm, məzmun, həm də forma gözəlliyi yaradır.
Təkrirlərin bütün bəndlərdə misralarına xüsusi ahəngdarlıq qatan “Ana dilim” şeirinin son bəndləri isə, şairin özündən əvvəl ana dilimizi nəzmə çəkən söz xiridarlarına, ana dilini ona öyrədən ustadlara minnətdarlıq duyğusunun ifadəsi ilə yadda qalır:
Yasaların kəmfürsətə ox olacaq,
Yadlar səndə əriyəcək, yox olacaq.
“Azərbaycan”, “Heydərbaba” çox olacaq,
Onlar övlad hesabatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim.
“Salam olsun” kitabında ən çox yadda qalan şeirlərdən biri də “Şuşa məscidində azan” şeiridir. Bu şeir qəlbi yurd həsrəti, Şuşa nisgili ilə yanıb köz-köz olan azərbaycanlıların, dininə, milli mənsubiyyətinə qırılmaz tellərlə bağlı olan hər bir soydaşımızın sevinc göz yaşlarına boğularaq oxuduğu sehirli bir musiqi notları təsiri bağışlayır. Azərbaycan poeziya sevərləri otuz il idi ki, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olan Şuşamız haqqında ancaq kədərli misralar oxuyur, qəmli nəğmələr eşidirdi.
Məsələn, Ramiz Qusarçaylı yazırdı:
Çiçəksiz çəməni neynirəm axı,
Ürəksiz bədəni neynirəm axı,
Şuşasız Vətəni neynirəm axı,
Qaytarın Şuşamı, qaytarın mənə!
İşğal dövründə Şuşa haqqında yazılmış, demək olar ki, bütün şeirlər yüksək sənətkarlıqla yazılmasına baxmayaraq, xalqımızın ağrı-acısını, daxili kədərini əks etdirirdi, lakin Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan xalqının və Azərbaycan ordusunun 44 Günlük Vətən müharibəsində Şuşanı bizə qaytarması müasir poeziyamızda bütünlüklə Qarabaq və Şuşa mövzusunda yazılmış şeirlərdə qəmli, kədərli notlar yerini milli, qürurverici, qalib xalq ifadəsinə verdi.
Mahirə Nağıqızı bu şeiri Şuşamızın bizə qaytarıldığı gündən 8 Noyabr Zəfər Günündən 34 gün sonra yazıbdır. Şeirin adının “Şuşa məscidində azan” olması təsadüfü deyildir. 30 idi ki, mənfur düşmən dinimizə dil uzadır, məscidlərimizi darmadağın edir, bütün sərhədləri aşaraq öz çirkin niyyətlərini həyata keçirirdilər.
Lakin qəhrəman Azərbaycan əsgəri şairin təbirincə desək, sinələrini düşmən qabağına verib bir mizraq kimi, düşmən köksünə sancılaraq Şuşamızı azad etdikdən sonra qədim Şuşa məscidində 30 ildən sonra müqəddəs Azan səsini xalqımıza dinlətdilər. Çünkü bu xalqın yetişdirdiyi qalib Azərbaycan ordusu, komandanları Azanın fəzilətini, dinimiz üçün nə qədər əhəmiyyətli olduğunu bilirdilər.
Səhih Buxari Əbu Səid əl-Xudiryə istinadən Peyğəbərimizdən belə bir hədis yazmışdır:
“Müəzzinin səsini eşidən elə bir insan, elə bir məxluq yoxdur ki, Qiyamət günü ona şahidlik etməsin.”
Həqiqətən də Şuşada Azan eşidillən gün bütün dünya qalib Azərbaycan ordusunun yeri-göyü silkələyən nərəsini, milli varlığımızı, Azərbaycanın haqq səsini eşitmiş oldu.
Şairin “Şuşa məscidində azan” şeiri əslində Şuşa məscidindən gələn Azanın onun qəlbindəki əks-sədası idi. Şair şeirin ilk bəndlərində Şuşanın işğal dövründəki başına gətirilmiş müsibəti bir rəssam kimi bədii boyalarla təsvir edir:
Nadanı öldürür, axıdırdı qan,
Aqili əlində zopa tuturdu
Allahın adından danışan insan.
Allahın evini topa tuturdu.
Şeirin poetik sintaksisi, sintaktik füqurları o qədər incəliklə işlənmişdir ki, sətrin əvvəlində verilmiş “Allahın” sözünün təkrarı məzmunun daha qüvvətli səslənişini təmin etməklə yanaşı estetik gözəlliyin təzahürü kimi qəbul edilir.
Şair Şuşanı Azərbaycanın Kəbəsi adlandırır, Şuşanı Azərbaycan xalqının qibləgahı zirvəsində görür:
El qalxdı, igidlər keçdi qabağa,
Qurtaraq-dedilər Kəbəni dardan.
Onlar Şuşamızla qucaqlaşmağa,
Yalınəl qalxdılar sərt qayalardan.
Şair bir bənddə öz qibləgahına doğru sərt qayalardan yalın əl ilə irəliləyən Azərbaycan əsgərini o qədər inandırıcı, təbii təsvir edir ki, sanki rəssam o yağlı boyası ilə gözlərimiz önündə Şuşanın azad olunması tablosunu yaradır.
Mahirə Nağıqızının milli, soykökə bağlı, Azərbaycan dilinin ən incə üslubi xüsusiyyətlərini özündə əks etdirən şeirlərini oxuduqca, bu şeirlərin sehrinə düşməmək, məna dərinliklərində qərq olmamaq mümkün deyil.
Doğma dilimizin bütün poetik xüsusiyyətlərini özündə birləşdirən bu sehirli misralar min illərdən süzülüb gələn poeziya elementlərini özündə birləşdirməklə müasir poeziyamızın ən zəngin, ən parlaq səhifələrinə çevrilir.
Bəhram Cəfəroğu
ADPU-nun baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru
Gununsesi.info