Qəlbləri sındıran əməlləri tanıyaq ki, onlardan uzaq olaq

  • By admin
  • 06 Dekabr 2019

Mömin insanın qəlbini sındırmağın pis aqibətləri vardır ki, onları dəf etmək çox çətin məsələdir.

Bəs qəlbi hansı əməllər sındıra bilər?

1. Başqalarını məsxərə etmək. “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun”. (“Hucurat” 11).

2. Eyib axtarmaq. “Bir-birinizdə eyib axtarmayın”. (“Hucurat” 11).

3. Bir-birinizi çirkin adlanla çağırmaq. “Bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).

4. Üzünüzü başqa tərəfə çevirmək. “Camaatdan təkəbbürlə üz çevirmə” (“Loğman” 18).

5. Təkəbbürlə yol getmək. “Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18).

6. Qeybət etmək. “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün, onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyib və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz.

Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır”. (“Hucurat” 12).

Beləliklə deyə bilərik ki, möminin qəlbini sındırmaq asandır, ancaq onu bərpa etmək çətindir. Allah buyurur ki, Mən sınmış qəlblərin həmdəmiyəm. Ona görə də hər kim möminin qəlbini sındırar – əslində Uca Allahın da qəlbini sındırmış olar. Belə insana edilən nifrinlər tez həyata keçər. Ona görə də hələ fürsət var bu əməldən çəkinin və sındırdığınız qəlblərin cəzasını tövbə edərək və halallıq istəyərək aradan qaldırın.

Gununsesi.org