Bu gün anamın ölümundən 15 il keçır. Zərif, incə, cəsarətli və gözəl qadın idi anam. O, ömrünün ən gözəl zamanında, gənc yaşında bizi tərk etdi. Xəstələnmişdi. Amma o, dərdini bizdən, biz də, ondan gizlətdik. Öləndən sonra qaynanam mənə dedi ki, maman xəstəliyini bilirdi. Mənə demişdi ki, uşaqlar üzülməsin deyə, dərdimi onlara deyə bilmirəm. Ən çox yadımda züm-zümə edərək, ev təmizləməyi, qış günlərində isti ocağın qırağında kitab oxuyarkən mürgüləməsi,məndən papama şikayət etməsi və bizi yatmazdan əvvəl əllərimizə və üzümüzə uşaq kremi vurması qalıb. Ondan mənə xatirə isə toyumun sonunda əlimə basdığı kitabca qaldı.
Səninlə ölüm mövzusunda danışmışdıq.Təxminən 4 yaşım var idi. Kəndimizdə balaca bir qız ölmüşdü və anam o zaman mənə həyatın sonu olduğunu demişdi. Ölməyəcəm deyib,Əzrail gələndə qaçıb gizlənməkdə israr edirdim. O zaman anam mənə bunun mümkünsüz olduğunu və ölümdən gizlənən kişinin hekayəsini danışdı. Sonra mən elə uşaq ikən ölməyi arzulayırdım. Çünki göyərçin olub həyətimizdəki tut ağacından anama baxacaqdım. 20 il ötdü. Anamın xərçəngin ağır növü ilə mübarizə apardığını həkimlər mənə dekabrın 28 dedilər. Bayram günü hec kimə bu barədə danışa bilmədim. Yeni il gecəsinin nəşəsini pozmayacaqdım. O gecə son dəfə ailəmizin xoşbəxtliyini seyr etdim.Papamın ürəklə mamamı Gülü çağırmasını dinlədim. Mamamın qardaşımı əzizləməsini seyr etdim. Dərdimi sonradan yalnız atama deyə bildim…..
Anam xəstəliklə mübarizə apardığı günlərdə ölüm mövzusunda ikinci dəfə söhbət açdı. Ölməkdən qorxduğunu və ölmək istəmədiyini dedi. Nədən qorxursan soruşdum. Gülərək, ora çox soyuqdur cavabını verdi. Ana, indi sən ölən yaşdayam və qorxunun səbəbini də anlayıram. Uşaqlarından nigaran idin.
Vida günü. Yanında oturmuşdum. Qəribədir, Kəmalüdövran məktublarını oxuyurdum. Başını qatmaq ücün arada gülür, gələcəklə bağlı mövzulardan söz açırdım. Biricik, əziz oğulun da başını sığallayırdı. Elə hey, ondan yemək yediyini, qalın geyindiyini soruşurdun. Qəflətən dərin nəfəs almağa başladın. Oğlun ağızını ağızına dayadı, sənə nəfəs verməyə çalışdı. Sən isə son nəfəsini də ona verdin. Əlimin altında bədəninə düyünlərin gəldiyini hiss edirdim. Düşündüm bu xərçəng hüceyrələridir! Çox rahat köçdün. Mən 24 yaşda, qardaşım 21-də idi. Özümüzü itirmədik. Otaqda olan kiçik xalamın koməyi ilə səni rahatladıq. Qapının arxasında isə ailə səhər yeməyinə hazırlaşırdı. Sonra əziz oğlun çıxıb mamam getdi dedi. Tapşırdığın kimi səni özümüz yuduq. O qədər utanan qadın idin ki, bu an ücün belə, qızlarım yola salsın demişdin.15 il kecdi. Hər şey öz yerini tutdu.Geridə subay buraxdığın 4 övladın da ailə sahibi oldu. Tək atamız qarşısında günahkar qaldıq. Sənsiz geridə buraxdığı 15 ilini kitablarla, əməklə kecirdi. Nə etsək də, o evdən cıxmadı. 8 uşağın ardınca onun tək tənha yaşamasını özümə bağışlamıram. O da tərs adamdır, bu evdən başqa hec yerdə yaşamaram fikirini hələ də qoruyur. Sənsiz kecirdiyim 15 ildə sənsizliyi ən çox Ana olduğum gün hiss etdim.
Qənirə Ataş
Yazı müəllifin facebook səhifəsindən götürülüb