Qənirə Paşayeva: “AĞACLARDAN İBRƏT ALANLAR…”

  • By admin
  • 25 Avqust 2016 16:07

qanire

Millət vəkili Qənirə Paşayeva yeni ibrətamiz hekayəsini paylaşıb.

Gununsesi.info həmin hekayəni olduğu kimi təqdim edir.
Bəzi ağaclara baxdıqda… Onların nə qədər böyük ibrət verdiyini görmürük bəzən. Əzəmətli ağaclar var… Yoğun və təptəzə budaq­ları ilə ətrafa kölgə salan, yarpaqları sanki qəribə bir sevinc, sevgi ilə titrəyən ağaclar… Sizinlə maraqlı söhbət edirlər… Səssiz, qəribə bir sükutla… Bursada dünyanın ən qədim və əzəmətli çinarının yanında bir dostum danışmışdı mənə oxuduğu bu maraqlı öykünü… Mən də yazım, Sizlər də oxuyun.
“Bir ağac gördüm. Təqribən 20-30 metrə yaxın hündürlüyü vardı. Sanki canlı bir abidə idi gözəlliyi ilə… Üç adamın əl-ələ verib ancaq qucaqlaya biləcəyi gövdəsi ilə o qədər zərif görünürdü ki… Elə bir təmkin və əminlik ilə dayanmışdı ki, sanki fırtınalara, qasırğalara meydan oxuyurdu. Soruşdum:
-Necə bu qədər boy atdın, yıxılmaqdan qorxmursan?
-Mənmi? –, dedi ağac. Sonra əlavə etdi – mən torpaqda yapışdığım yerləri, ordan alacağım qida və qüdrəti təmin etmədən bir santimetr belə yüksəlmədim ki… İçdən gələn, kökdən gələn qüvvətə dayanıb yüksəldim. Onlar torpaq altındadır, görünməz. Fəqət, əsl qüdrət ordadır. Mən quruyanadək belə dimdik və ayaqdayam. Çevrəmə kölgə, sevinc və səadətdən başqa bir şey vermirəm ki… Zərərli deyiləm, nədən qorxmalıyam ki?!Həqiqətən də, ağac elə ölçülü və ahəngli böyümüşdü ki, kökləri o qədər sağlam idi ki, güclü fırtına belə onu torpağından söküb ala bilməzdi”.
P.S. Bəzən ağaclar da bizə gözəl ibrət ola bilirlər… Təbii ki, gö­rənə və anlayana…
…Hərdən düşünürəm, elə bil xalq şairi Rəsul Rza məhz bu qocaman çinarın söylədiklərini şeirin şirin dilinə çevirmişdi: “Belə məğrur dayanmaqda haqlıyam, mən kökümlə bu torpağa bağlıyam…”
Köküylə torpağa bağlı olanlardan olaq!

Gülnaz Qənbərli

Gununsesi.info