
Millət vəkili Qənirə Paşayeva Yaponiyanın paytaxtı Tokioda Ümumdünya Qadın Sammiti çərçivəsində Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri Maiza Ərəb əl-Şəmsi ilə görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı Qənirə Paşayeva Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmuniyyət yaratdığını deyib.
Millət vəkili Birləşmiş Ərəb Əmirliklərinin dövlət nazirinə Azərbaycanla, xüsusilə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib. O deyib ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var. Millət vəkili əl-Şəmsini Azərbaycana dəvət edib.
Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən nazir rəhbərlik etdiyi nazirliklə Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün səylərin artacağını bildirib.
Görüşün sonunda Q.Paşayeva Birləşmiş Ərəb Əmirliyinin dövlət naziri əl-Şəmsiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr və materialları təqdim edib.
Gununsesi.info