Qənirə Paşayeva Dənizli “Qəzetəçilər Cəmiyyəti”ndə konfrans keçirib

  • By admin
  • 08 Noyabr 2016 15:20

 

qenire

Millət vəkili Qənirə Paşayeva  Dənizli “Qəzetəçilər Cəmiyyəti”ni Qarabağ həqiqətlərinin yayılmasında fəallığı artırmağa çağırıb.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Dənizli “Qəzetəçilər Cəmiyyəti”ni ziyarət edib. Millət vəkiliylə görüşdə Dənizli “Qəzetəçilər Cəmiyyəti”  başkanı  Ümit Varol rəhbərlik etdiyi qurumun Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlıq etmək niyyətində olduğunu  qeyd edib.

Görüş zamanı millət vəkili çıxışında uzun müddət mətbuatda  çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli  yer tutduğunu bildirib.  Dənizli “Qəzetəçilər Cəmiyyəti”nin Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edən Q. Paşayeva Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barəsində danışıb. O bildirib ki, insanlığa qarşı cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq.

Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq,  Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.

Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq,  hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan da danışıb. O,  bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır:

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq,  bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, –  deyən  millət vəkili  qeyd edib ki, hər iki qardaş ölkənin mətbuat və media qurumlarının üzərinə böyük vəzifə düşür. Millət vəkili  bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Dənizli Qəzetəçilər Cəmiyyəti başqanı Ümit Varol və təşkilat üzvlərini Azərbaycana dəvət edib və Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları “Qəzeteçilər Cəmiyyyəti”  üzvlərinə hədiyyə edib.

Daha sonra xanım Paşayeva  konfrans iştirakçılarının  suallarını da geniş cavablandırıb.  Millət vəkili Dənizlili jurnalist və yazarların Azərbaycanı Dənizlidə daha geniş tanıdan yazıların sayının artacağına da ümid etdiyini vurğulayıb.

Gununsesi.info