Qənirə Paşayeva ölən süpürgəçinin övladlarına baş çəkdi, İCRA BAŞÇISI İSƏ EV TİKMƏYƏ SÖZ VERDİ - VİDEO

  • By admin
  • 05 Aprel 2018 09:49
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində həyatını itirən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qız övladı Zümrüd və Jalə Məmmədovalar yetim qaldı. Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. Özü də süpürgəçi işləyən və kirayədə yaşayan tənha qadın anasız uşaqları saxlamaqda çətinlik çəkir. Ağır həyat şəraiti keçirən ailədə azyaşlı uşaqlar belə küçədə sellofan torbaları yığıb sataraq dolanırlar. Onlar təhsil xərclərini ödəməkdə çətinlik çəkirlər.
Gununsesi.info “Yeni Müsavat”a istinadən xəbər verir ki, ötən gün millət vəkili Qənirə Paşayeva “Yeni Müsavat”ın müxbirləri ilə birgə anasız qalan azyaşlı qızları ziyarət edib, baş verən bədbəxt hadisə ilə bağlı onların kədərinə şərik olub.
Ailənin problemlərini dinləyən millət vəkili onlara ərzaq yardımı və maddi yardım da edib . Həmçinin Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlayaraq vəziyyətlə bağlı məlumat verib.
İcra başçısı Adil Vəliyev telefon danışığı zamanı bu barədə məlumatlı olduğunu və öz növbəsində Tünzalə Salahova və iki azyaşlı qız üçün ev tikməklə göstəriş verdiyini bildirib. O qeyd edib ki, artıq vəsait ayrılıb və bu ilin iyun ayına qədər ev hazır vəziyyətə gətiriləcək.
Bundan əlavə, millət vəkilinin hüquqi yardımı ilə qızlar rəsmi şəkildə xalaları Tünzalə Salahovanın qəyyumluğuna veriləcək ki, illərdir onları təhdid edən ataları həyatlarına müdaxilə edə bilməsin.
Nəzərinizə çatdıraq ki, bir il öncə də “Yeni Müsavat” ailənin acınacaqlı həyat şəraiti bağlı reportaj hazırlamışdı və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə onlara xeyli maddi yardım edilmişdi.
Sosial şəbəkədəki paylaşımlarımızdan sonra xeyli sayda insan bizə yazaraq, redaksiyamıza zəng edərək yardım etmək istədiklərini bildirdilər.
Bu səbəbdən yardım etmək istəyənlər üçün mərhum Cəmilə Salahovanın bacısı Tünzalə Salahovanın əlaqə nömrəsini qeyd edirik: (050) 376-28-34.

Gununsesi.info