
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonun kəndlərində olub, sakinləri qəbul edib, qayğı və problemlərini dinləyib.
Gununsesi.info-nun xəbərinə görə, deputat Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edərək, müzakirələr aparıb. Edilən müraciətlər daha çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsinə nail olub. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə əlaqə yaradıb və problemlərin öz həllini tapması üçün müzakirələr aparıb.
Müraciət edənlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Onlardan I və II qrup əlillərin Reablitasiya Mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlara çatdıran millət vəkili onlara dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq, millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq, həllinə dəstək göstərilməsini xahiş ediblər. Su problemləri ilə bağlı müraciətləri millət vəkili müvafiq qurumun rəhbərliyinə çatdıraraq həllində vətəndaşlara dəstək olmağa çağırıb. Bundan başqa müraciətlər arasında təhsil, elektrik və su təminatı sahəsi də çoxluq təşkil edib. Millət vəkili bu problemlərin həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı, onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.
Q.Paşayeva son illlər Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də sakinlərə məlumat verərək, ölkəmizin gələcəkdə daha da inkişaf edəcəyini, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili kəndlərdən gəlmiş bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını da qeyd edib.
Gülnaz Qənbərli
Gununsesi.info