Qənirə Paşayeva “Şöhrət” və “İstiqlal” ordenli bəstəkarın doğum günündən yazdı

Bugün görkəmli bəstəkar, pedaqoq, musiqi xadimi, professor, Azərbaycanın Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” və “İstiqlal” ordenləri laureatı  Vasif Adıgözəlovun doğum günüdür.
Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı)
məşhur muğam ustasının ailəsində doğulub.
İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində alıb.
1953-cü ildə Üzeyir Bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.
Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsil alıb. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi,
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının baş musiqi redaktoru,
A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru və b. vəzifələrdə çalışıb.
1972-ci ildən, doğma konservatoriyada müəllimlik edib.
1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.
Bakı Musiqi Akademiyasında “Xor dirijorluğu” kafedrasına başçılıq edib.
1973-cü ildə “Əməkdar incəsənət xadimi”,
1989-cu ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını alıb.
1995-ci ildə “Şöhrət”, 2005-ci ildə “İstiqlal” ordeni ilə təltif olunub.
V.Adıgözəlov “Ölülər” və “Natəvan” operaları, “Hacı Qara” (operetta; həmmüəllifi R.Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq – evlənərik”, “Lənət şeytana” musiqili komediyalarının,
“Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının, habelə:
4 simfoniyanın, 6 instrumental konsertin, kamera-instrumental musiqinin,
kino-teatr musiqisinin,
romans və mahnıların müəllifidir.
Görkəmli bəstəkar, mahir pedaqoq, dəyərli ziyalı, gözəl insan Vasif Adıgözəlovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında önəmli rolu olub.
Böyük musiqiçilər nəslinin layiqli nümayəndəsi Vasif Adıgözəlovun xalqımızın muğam xəzinəsinə dərin bələdliyi ilə səciyyələnən yaradıcılığı çağdaş musiqi sənətimizin parlaq səhifələrindən birini təşkil edir.
Bəstəkarın oğlu Yalçın Adıgözəlov məşhur drijordur (2012-ci ildən Xalq artistidir).
V.Adıgözəlov I Fəxri Xiyabanda dəfn edilib.
2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi asılıb. (Əsərin müəllifi heykəltəraş Aslan Rüstəmovdur.)
RUHU ŞAD OLSUN!
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva