Qənirə Paşayeva Tovuzdakı problemləri Milli Məclisdə qaldırdı

  • By admin
  • 31 May 2018 20:28

Qənirə Paşayeva Tovuzdakı problemləri Milli Məclisdə qaldırdı

Bu gün Milli Məclisdə “2017-ci il Dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun müzakirəsi aparılıb.

Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva deputat seçildiyi Tovuz rayonunun bir sıra problemlərini qaldıraraq hökumət üzvlərini onların sürətli həllində fəal olmağa çağırıb. O, ilk öncə təmir-bərpa işləri başa çatdırılmayan Tovuz rayonu Nizami adına klub və tikintisi hələ davam edən Aşıq muzeyindən danışıb və hər iki müəssisənin tezliklə əhalinin istifadəsinə verilməsi üçün hökumət üzvlərini vəsait ayırmağa, işləri sürətləndirməyə çağırıb. Hər iki mədəniyyət müəssisəsinin rayon üçün əhəmiyyətini vurğulayan millət vəkili bu ilin sonuna qədər Tovuz rayonu Nizami adına klubunun təmir-bərpa işlərinin və Aşıq muzeyinin tikintisinin yekunlaşdırılaraq açılışlarının keçirilməsinin vacibliyini qeyd edib.
Q.Paşayeva çıxışında Qarabağ qaziləri və əlilləri ilə ötən gün keçirdiyi görüşündə onların bütün əlillərin, özəlliklə Qarabağ müharibəsi əlillərinin işlə bağlı üzləşdiyi ciddi problemlərinin olduğunu bildirdiklərini deyib və müvafiq qurumları onların işlə təmin edilməsi məsələsinə xüsusi diqqət ayırmağa və addımlar atmağa çağırıb: “Məşğulluq haqqında” qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki, qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Vətənimiz, torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatda üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir, buna görə də müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram”.
Millət vəkili müəllim ixtisası üzrə təhsil almış bir sıra əlil gənclərin iş tapmaqda üzləşdiyi çətinliklərdən danışıb və təhsil nazirini bu məsələlərin həllinə çağırıb. O, sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub: ” “Təbii, hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarlara qarşı süni maneəler, qanunsuz yoxlamaların əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Eyni zamanda əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini daha böyük diqqət göstərməyə çağırıram”.

Q.Paşayevanın daha geniş çıxışını aşağıdakı videodan izləyə bilərsiniz: