Qərb Ermənistana KTMT-dən çıxmasını əsas şərt qoyub - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya, Belarus və keçmiş Sovet Mərkəzi Asiya ölkələri olan Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını deyib.

Ermənistanın KTMT-dən tamamilə çıxacağını ilk dəfə bəyan edən Paşinyan parlamentdə keçirdiyi sual-cavab iclasında hökumətin son addımı nə vaxt atacağının daha sonra qərar verəcəyini deyib.

Mövzü ilə bağlı Gununsesi.info-ya danışan Politoloq Əli Zülfüqaroğlu Paşinyanın bu bəyanatını O’braynın Ermənistana səfərindən sonraya təsadüf etdiyini deyir.

O, vurğulayır ki, bu kifayət qədər diqqət çəkən məqamdır:“Düşünə bilərik ki, burada ABŞ-ın Ermənistana təzyiqi var və konkret mövqe ortaya qoyulması tələb olunur.
Bəllidir ki, Ermənistan hökümətinə qarşı həm Qərb həm də ki, Rusiya tərəfindən ciddi təzqiqlər var.
Ermənistan anlayır ki, əgər hər hansı tərəfdən birmənalı şəkildə imtina etsə, o zaman onun üçün kifayət qədər problemlər yarana bilər.

Ona görə də biz Ermənistanın xüsusilə danışıqlar prosesində, eyni zamanda Rusiya və Qərblə münasibətlərində kifayət qədər ziddiyyətli məqamları müşahidə etmişik.

Bunun da kökündə məhz Ermənistanın Qərblə və Rusiya ilə münasibətlərini saxlamaq planları dayanır”.

Əli Zülfüqaroğlunun sözlərinə görə, Qərbin son zamanlar Ermənistana təzyiqinin artması gözlənilən idi: “Xüsusilə Gürcüstan-Rusiya yaxınlaşması fonunda Qərbin bölgədə təsir imkanlarına saxlaması üçün Ermənistana daha çox ehtiyacı yarana bilər.

Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxacağı ilə bağlı konkret bəyanatın arxasında dayanan amillər məhz bununla bağlıdır.

Bəllidir ki, Rusiya Ermənistanı itirmək haqqında düşünmür və hazırda Ermənistan Rusiyadan kifayət qədər asılı vəziyyətdədir. İqtisadi faktorlar ön sıradadır. Eyni zamanda hərbi bazalarının olması və digər amillər də buraya daxildir. Yəni, Ermənistan Qərblə əməkdaşlığını inkişaf etdirməyə çalışsa və ya Qərbin diqtəsinə boyun əysə də, eyni zamanda çox yaxşı başa düşür ki, indiki məqamda Rusiyadan birmənalı imtina etmək hökumət üçün ciddi fəsadlar yarada bilər. Buna görə də Paşinyan çalışır ki, manevrlər etsin və hər iki tərəflə öz əlaqlərini qoruyub saxlasın. Rusiya təbii ki, bu prosesləri görür. İstər Qərb missiyalarının Ermənistana dəvət olunması, yaxud NATO təlimlərinin keçirilməsi və bu kimi amillər Rusiyanın maraqlarını təhdid edəcək səviyyədə deyil. Ona görə də Rusiya Ermənistana qarşı daha ehtiyatlı siyasət yürütməyə çalışır”.

Politoluqun fikrincə, əgər Rusiyaya qarşı Ermənistanda Qərbin formalaşması ciddi mərhələyə çatarsa və bu Rusiyanın maraqlarını təhdid edəcək səviyyədə olarsa, o zaman Rusiya Ermənistana heç bir müdaxilədən çəkinməyəcək.

Ermənistanın KTMT-dən çıxmasının problematik göründüyünü bildirən Əli Zülfüqaroğlu vurğulayır ki, əgər Ermənistan bu blokdan çıxarsa, o zaman bu Ermənistan-Qərb əməkdaşlığının hərbi müstəvidə daha ciddi şəkildə davam etməsinə gətirib çıxara bilər: “Bu baxımdan hesab edirəm ki, yaxın perspektiv üçün bu problematik görünür. Ermənistan Qərbin diktəsi ilə hərəkət etsə də, Rusiya ilə münasibətlərini qoruyub saxlamağa çalışacaq. Eyni zamanda getdikcə Ermənistan-Rusiya münasibətlərində gərgin elementlərin davam etməsini müşahidə edəcəyik. Amma bu hələ ki, yaxın perspektivdə qırılma nöqtəsinə çatmayacaq”.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info