
Sabiq kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanın İngiltərədə kimyəvi hücuma məruz qalmasındadan sonra Rusiya ilə Qərb arasında böhran getidkcə dərinləşməkdədir. Artıq vəziyyət o həddə çatıb ki, ABŞ başda olmaqla Avropanın mütləq əksər dövlətləri rus diplomatları öz ölkələrindən çıxarmaq barədə qərar verib. Rus diplomatların Qərb ölkələrindən çıxarılması prosesinə başlanıb.Rusiya diplomatlarının Qərb ölkələrindən çıxamasına qarşı sərt mövqe sərgiləyib, cavab addımlar atacağı ilə qarşı tərəfi hədələsə də, bu hədələr nəticəsiz qalıb. Böhran isə dərinləşməkədir. Proseslərin hansı həddədək davam edəcəyi və necə nəticələnəcəyi indi bütün dünyanın diqqət mərkəzindədir. Çünki Qərblə Rusiya arasında yaranmış bu böhranlı vəziyyət bütün dünyaya hansısa formada ciddi surətdə sirayət etməkdədir. Təbii ki, bu böhran Azərbaycandan da yan keçməyəcək. Yaranmış böhranlı vəziyyətlə bağlı azərbaycanlı politoloqlara müraciət etdik.
Siyasi icmalçı Azər Rəşidoğlu Gununsesi.info-ya açıqlamasında deyib ki, Qərblə Rusiya arasında yeni “soyuq savaş” başlayır. “Bu, ilk gərginlik deyil. Lakin bu dəfə problem daha da ağır çalar alıb. Hətta Vaşinqtonda Rusiya ilə açıq hərbi savaşa səsləyənlər də var. Qeyd edək ki, Vaşinqonun strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tutur”- deyə, A. Rəşidoğlu vurğulayıb.
ABŞ-ın belə bir pratktikadan zaman-zaman istifadə etdiyini qeyd edən siyasi icmalçı əlavə edib ki, ABŞ öz hərbi gücünün ustünlüyündən Panama, Somali, Kosova, Əfqanıstan və İraqda birbaşa istifadə edib: “Lakin Birləşmiş Ştatlar hazırda daha çox “yumşaq güc”dən istifadə edir. Belə ki, Qərblə gərgin münasibətlər Rusiya iqtisadiyyatına ciddi təsir edir, üstəlik Kremlin təcridi genişlənir.
Araşdırmaçılar belə hesab edirlər ki, ABŞ-ın beyin mərkəzləri Rusiyanın çökməyini arzuladığına görə iqtisadi təzyiqlərini artırır”.
A.Rəşidoğlu isə Rusiya ilə hərbi qarşıdurmanı arzuedilməz hal hesab edir. “Ən azı ona görə ki, Rusiya nüvə dövlətidir, onunla açıq təhdidlə danışmaq təhlükəlidir. ABŞ da nüvə silahına malik ölkədir. İki nüvə gücünün qarşıdurmasının nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur”-siyasi icmalçı vurğulayıb.
O hesab edir ki, Rusiya-ABŞ qarşıdurması bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmayacaq: “Burada bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazım gəlir. Məsələn, ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edir. Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də münasibətləri normallaşdırsın. Yaranmış vəziyyətdən digər region dövləti — İsrail narahatdır. Çünki İsrail bundan sonra öz siyasətini olduğu kimi yürüdə bilməyəcək. İranın Türkiyə ilə münasibətlərini normallaşdırması, hazırkı siyasətindən əl çəkməyən İsrail üçün təhlükədir. İsrail Yaxın Şərqdə hegemon dövlət olmaq istəyir. Amma Türkiyənin regionda mövqeləri güclənəndən sonra İsrailə qarşı ciddi rəqib meydana gələcək”.
Azərbaycana gəldikdə isə A. Rəşidoğlu bildirib ki, baş verənlərin region dövlətlərinə, xüsusən də Azərbaycana təsirinə gəlincə, Azərbaycan “ayaq altında” qalmamaq üçün bütün imkanlarını səfərbər edəcək. “Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almayacaq. Əgər ABŞ İsrailin maraqlarını nəzərə almırsa, deməli Azərbaycana da güzəştə gedilməyəcək. Qərblə “soyuq savaş” Kremli yeni ittifaq yaratmağa sövq edir. Moskva- Ankara-Tehran üçbucağına Bakının da cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan İran, Rusiya və Türkiyə ilə sıx əlaqələr yaratmaq və gərəkən islahatları aparmaq niyyətindədir. Bu addımlar Azərbaycanın önəmini artıra bilər. Eyni zamanda, Azərbaycan ABŞ və Avropa Birliyi ilə də münasibətlərə diqqət edərək onları dərinləşdirmək kursunu yürüdür. Lakin bölgədə tamamilə yeni bir geosiyasi mənzərə yaranıb. Belə ki, Vaşinqtonun düşmənləri Rusiya ilə əməkdaşlığa can atır. İranın maraqları aydındır. Tehran hər şeydən öncə maliyyə-iqtisadi imkanlarını genişləndirmək istəyi kir, bu da onun beynəlxalq müstəvidə manevr imkanlarını artıra bilər. Lakin Bakı ilə Tehran arasındakı gərginliyin yaxın zamanlarda tam aradan qalxacağına ümid bəsləmək olmaz”- deyə, siyasi icmalçı bildirib.
Politoloq Qabil Hüseynli isə Gununsesi.info-ya açıqlamasında bildirib ki, Rusiya beynəlxalq hüquq normalarına uyğun hərəkət etmədyindən və kobud pozduğundan, xüsusən də xarici siyasətindəki işğalçılıq və ilhaqçılıq elementinin olması Qərbi bu addımı atamağa vadar edib. “Çünki Rusiya Ukrayna, Azərbaycan, Gürcüstan, Moldovada həyata keçirdiyi ilhaqçılıq siyasəti, eyni zamanda Yaxın Şərqdəki fəaliyyəti, başqa dövlətlərin daxili işlərinə kobud surətdə qarışması, o cümlədən vaxtı ilə Rusiyaya xəyanət edən insanlara qarşı atdığı addımlar Qərbi bu addımları atmağa məcbur edib. Rusiya ona xəyanət edən şəxslərə qarşı sərt cəza növü seçməsi artıq birinci hal deyil.indiyədək 21 belə fakt nəticəsində insan dünyasını dəyişib. Bütün bunları görən Qərb Rusyaya qarşı mütləq belə bir cavab tədbiri görməli idi və bu addımı da atmağa başlayıb. Cavab tədbirlərinin ilkin mərhələsində Rusiyaya qarşı müxtəlif səviyyəli sanksiyalar tətbiq olunmaqdadır, indi isə rus diplomatlarını ölkələrindən çıxarmağa başlayıb. Bu proses davam edəcəyindən qarşıdurma və böhran daha da dərinləşəcək. Başlanan proses sonda Rusiyanın təklənmiş vəziyyətə sala bilər. Növbəti mərhələdə, başda Putin olmaqla daha geniş oliqarx kütləsinə qarşı ciddi sanksiyalar tətbiq edə bilərlər. Artıq İngiltərədə 50 min funt-sterlinq dən artıq əmlakı olan rusiyalı insanlardan gəlir qaynağını sübut edən sənədlər tələb etməyə başlayır”- deyə, politoloq vurğulayıb.
Rusiyanın cavab addımlarına gəldikdə politoloq deyib ki, Rusiya Qərbi nüvə silahı ilə təhdid edir, ancaq nüvə silahını tətbiq etmək elə də asan məsələ deyil: “Odur ki, Qərb yaxın gələcəkdə Rusiyanı yerində oturtmaq istiqamətində daha ciddi addımlar atacaq”.
Onun fikrincə, Rusiya ancaq postsovet məkanında hansısa təxribatlara əl ata bilər: “Lakin bu da elə asan məsələ olmayacaq. Beynəlxalq aləm buna cddi reaksiya verəcək”. Bütün bunlara baxmayaraq politoloq hesab edir ki, Rusiya vəziyyətdən çıxmaq üçün dünyanın müxtəlif bölgələrində lokal və irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər. “Bu istisna deyil”.
Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Qərbin Rusiyaya qarşı son həmləsini “Skripal işi” ilə əlaqələndirilsə də, əslində bunun daha tutarlı səbəbləri var. “Ona görə ki, Rusiyanın insanları zəhərləyərək məhv etməsi ilk hal deyil. Bundan əlavə Rusiyanın dünyanın müxtəlif ərazilərində ilhaqçılıq və işğalçılıq siyasəti, Ukrayna, Azərbaycan, Moldova, Gürcüstanda habelə Yaxın Şərqdəki destruktiv fəaliyyəti Qərbi belə addımları atmağa vadar edib. Məhz bu və digər səbəblər nəticəsində Qərblə Rusiya arasında bu günkü böhranlı vəziyyət yaranıb. Hesab edirəm ki, bu proses davam edəcək”- deyə sabiq diplomat vurğulayıb.
O hesab edir ki, Qərblə Rusiya arasındakı böhranlı vəziyyət davam edəcək və Qərb Rusiyanı yerində oturdacaq: “Necə ki, vaxtında belə hallar olub. Reyqan və ondan əvvəl”.
Yaranmış vəziyyətin bizim bölgəmizə təsirinə gəldikdə sabiq diplomat deyib ki, bu vəziyyət Azərbaycanın maraqlarına uyğundur. “Rusiya Cənubi Qafqazda Ermənistanı dəstəkləyir. Əgər Rusiya geri otuzdurularsa və ağlı başına gələrsə, o zaman bizim üçün yaxşı olacaq. Rusiyanın ağlı başına gələrsə, biz Ermənistanla bacara bilərik. ”- deyə, H. Hacızadə bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info