Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun yaradılmasında məqsəd nədir?: -Deputatdan açıqlama

Xəbər verdiyimiz kimi, təzəlikcə Milli Məclisdə “Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupu” yaradılıb.

Qrupun məqsəd və məramı, o cümlədən fəaliyyəti sual doğurur.

Gununsesi.info-ya bu barədə Milli Məclisin deputatı Elnarə Akimova məlumat verib.

O, Qərbi Azərbaycana qayıdışın bizim üçün strateji və siyasi hədəfimizin olduğunu bildirərək deyir:

“Qərbi Azərbaycana Qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına neçə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. Bir də ölkə başçısı İlham Əliyevin bu yöndə usanmadan apardığı mücadilə əzmi. Zəfərlərdən zəfərlərə daşınan Qərbi Azərbaycan amalının eyni əzm və israrla vurğulanması, prioritet xətti təşkil etməsi.

Hələ 2022-ci il, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşdəki çıxışında bildirmişdir ki, “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir.

Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.

Elnarə Akimova deyir ki, bu, Prezidentin dediyi kimi də oldu:

“İki ildir ki,fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının dinamikliyi göz önündədir. Beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir, BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və erməni vandalizminin qınanması həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aramsız mübarizəsinin, həqiqətləri beynəlxalq müstəvilərə çatdırma professionallığının, həm də Qərbi Azərbaycan İcmasının son iki illik əməli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Elnarə Akimova həmçinin Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıdığını bildirir:

“Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır.

Təşəbbüs qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, Qərbi Azərbaycana qayıdışla bağlı xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik platformasına daşımaq məqsədi daşıyır.

Qərbi Azərbaycana qayıdışın təmin olunması  ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə qərbi çatdırmaq,  onların pozulmuş hüquqlarını  bərpa etmək, doğma yurd yerlərinə qayıdışlarını təmin etmək üçün Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir.

İnanırıq ki, sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirdiyi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardığı kimi, çox yaxında Qərbi Azərbaycana qayıdışın müjdəsini də xalqa ərmağan etməyə nail olacaq.“

 

 

 

Gununsesi.info