Qətlə görə 11 il həbs cəzası verilmiş şəxs 4 ildən sonra bəraət aldı

  • By admin
  • 28 Dekabr 2023 11:51

Qəsdən adam öldürmə ittihamıyla 11 il azadlıqdan məhrum edilən, 2020-ci ilin fevralından həbsdə olan 50 yaşlı Polad İsmayılov 4 il sonra bəraət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Aytən Məmmədova bildirib.

O qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, bu adam təqsirsizdir, törətmədiyi cinayəti işgəncə nəticəsində boynuna götürüb.

“Vəkil Zabil Qəhrəmanov 4 il idi ki, bu işlə bağlı hüquqi müstəvidə mübarizə aparırdı. Vəkil günündə ona bundan böyük hədiyyə ola bilməzdi: qətl ittihamıyla 4 ildir həbsdə olan şəxsin azadlığına nail oldu”, – deyə o əlavə edib.

“Bu işə görə dəfələrlə özüm də Şəkiyə gedib-gəldim, prosesi izlədim. Elə gün olmuşdu ki, Şəkiyə gedib çatmışdım, məlum olmuşdu ki, təxirə salınıb. Avtovağzalda bir avtobusdan düşüb, o birinə minib qayıtmışdım. Amma günahsız bir adamın 4 il sonra azadlığa çıxmasını, ailəsinin sevincini görmək… Dəyərdi”, – deyə jurnalist bildirib.

Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Əyyubova Seyran Şakir qızı  2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb. Faktla bağlı başlanan cinayət işinin üstü 9 il sonra açılıb. İttihama görə, mərhum S. Əyubovanı yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib.

İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, 2 il əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Gununsesi.info