
Birləşmiş Millətlər Təşkilatı (BMT) 7 oktyabrdan bəri İsrailin bombardmanları altında Qəzzada həyatını itirənlərin 40 faizinın uşaq olduğunu açıqlayıb.
Gununsesi.info bildirir ki, BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstinli uşaqlarla bağlı Baş Assambleyaya təqdim etdiyi hesabatla bağlı mətbuata məlumat verib.
“İsrail qüvvələrinin Qəzzanı davamlı bombalaması artıq 5700 nəfərin ölümünə səbəb olub ki, bu da İsrailin itkilərindən təxminən 5 dəfə çoxdur, onların 40 faizi uşaqlardır. Nə baş verdiyini anlayırıqmı? 15 min nəfər ağır yaralanıb”, – deyə BMT rəsmisi bildirib.
BMT-nin xüsusi məruzəçisi İsrail və HƏMAS arasında toqquşmaların yenidən başladığı 7 oktyabrdan bəri Qəzzada 1,6 milyon fələstinlinin didərgin düşdüyünü və bu insanların su, qida, elektrik və dərman vasitələrinə çıxışı olmadığını bildirib.
“Travma və dağıntıları təsvir etmək mümkün deyil. Hazırda Qəzza xalqının içində olduğu cəhənnəm bizim hamımızın, BMT-yə üzv olan bütün dövlətlərin və xüsusən də bunu dayandırmağa gücü çatan və dayandırmayanların üzərində ləkədir”, – deyə o əlavə edib.
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Albanese İsrailin dünən həyata keçirdiyi bombardman nəticəsində Fələstin xalqının “tarixinin ən ölümcül günlərindən birini” yaşadığını bildirib:
“Rəfalı bir uşaq bu səhər mənə dedi ki, dünən gecə onun həyatının ən pis gecəsi olub, onun yaşadığı ərazidə yüzlərlə insan öldürülüb”.
“İsrailin Qəzza xalqına qarşı başlatdığı qəzəbdən qaynaqlanan zorakılığı pisləyirəm”, – deyə o bildirib. Albanese qeyd edib ki, bölgədəki bütün fələstinliləri “Həmas və bəlkə də başqalarının etdiklərinə görə” cəzalandırmaq “qanunsuz”dur.
“Mənim hesabatım İsrail mühacirlərinin müstəmləkə işğalının Fələstin ərazilərindəki uşaqlara nəsillər boyu təsirinə, onların təhlükəsizlik və ləyaqət içində yaşamaq hüququnun qalan hissəsinə yönəldilib”, BMT-nin xüsusi məruzəçisi deyib.
Albanese 2008-ci ildən oktyabrın 7-nə qədər İsrailin hücumları nəticəsində 1534 fələstinli uşağın həyatını itirdiyini, 32 min 175 uşağın isə yaralandığını, eyni dövrdə isə əks hücumlarda yalnız 25 israilli uşağın öldüyünü, 524 uşağın isə yaralandığını bildirib.
Albanese həmçinin qeyd edib ki, “2000-ci ildən bəri 13 min fələstinli uşaq İsrail qüvvələri tərəfindən həbs edilib”.
Gununsesi.info