
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrailin blokadası və bombardmanı altında olan Qəzza zolağında humanitar yardım karvanının atəşə tutulduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, BQXK “X” sosial media platformasında dərc olunan bəyanatda mühasirədə olan Qəzza zolağında humanitar yardım işçilərinə hörmət etməyə çağırıb.
Bəyanatda Qəzzadakı bütün tərəflərdən beynəlxalq humanitar hüquqa uyğun olaraq humanitar işçilərin müdafiəsi tələb olunur.
“Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzza zolağında humanitar yardım karvanının atəşə tutulmasını pisləyir və təəssüflənir. Bu gün Qəzzada humanitar karvana edilən hücumdan dərin narahatıq”, – BQXK-nın bəyanatında deyilir.
Hücumu törədənlər barədə məlumat verilməyib.
Gununsesi.info