Qəzzada iki ayda 75 jurnalist öldürülüb

  • By admin
  • 07 Dekabr 2023 09:28

Fələstin Jurnalistlər Birliyi İsrailin iki aydır davam edən hücumlarında həyatını itirən, yaralanan, nəzarətə alınan və evlərini itirən jurnalistlərlə bağlı hesabat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumata görə, hücumlarda 75 jurnalist həyatını itirib, 80-ə yaxın mətbuat mənsubunun yaralandığı bildirilir. Həmçinin 2 jurnalistin itkin düşdüyü bildirilib.

İsrailin minlərlə dinc sakinin ölümünə, on minlərlə insanın yaralanmasına səbəb olan hücumlarında yüzlərlə hərbi cinayət və qanun pozuntusu törətdiyi qeyd edilib.

Hesabatda hücumlarda ailəsini və yaxınlarını itirmiş jurnalistlərin çalışdığı media mərkəzlərinin də dağıdıldığı bildirilib.

İsrailin hücumlarında 60 jurnalist ailəsinin evinin bombalandığı, 63 mətbuat qurumunun və ofisinin dağıdıldığı bildirilib.

Hücumlarda aldıqları ziyana görə, biri işğal altındakı İordan çayının qərb sahilində, 24-ü Qəzza zolağında olmaqla 25 yerli radiostansiyanın fəaliyyətində fasilələr yaranıb.

Bu müddət ərzində İsrail rəhbərliyi 3 media təşkilatını bağladı və 41-i İordan çayının qərb sahilində, 2-si Qəzzada olmaqla 43 jurnalisti saxlayıb və ya həbs edib.

Hesabatda vurğulanıb ki, Fələstin Jurnalistlər Birliyi jurnalistlərin təhlükəsizliyini təmin etmək, onların peşələrini yerinə yetirmələrini təmin etmək, beynəlxalq müdafiəni təmin etmək, habelə hücumlarda həyatını itirən jurnalistlərin ölümlərinə görə İsrailin məsuliyyət daşıması və mühakimə olunması üçün intensiv işini davam etdirir.

Hesabatda həmçinin qeyd olunub ki, İsrail rəsmilərinin jurnalistlərin qəsdən hədəf alındığına dair sübutların olmaması barədə açıqlamaları İsrailin yalanlarının bir hissəsidir və yerdəki faktlar bu cür müdafiələri təkzib edir.

Gununsesi.info