Qəzzada iki ildə 67 mindən çox insan həlak olub

İsrailin Qəzza zolağında iki ildir davam edən hava və quru əməliyyatları nəticəsində 67 mindən çox fələstinli həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin səhiyyə orqanları məlumat yayıb.

Bildirilib ki, ölənlərin təxminən üçdə biri uşaqlardır.

Müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayıb və son aylarda əsasən Qəzza şəhərinə yönəlib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 20 bəndlik sülh planı üzrə aparılan məsləhətləşmələrə baxmayaraq, hərbi əməliyyatlar davam edir.

Fələstin Səhiyyə Nazirliyinin sentyabr hesabatına görə, 19 mindən çox uşaq müharibə nəticəsində həlak olub. Nazirlik bildirir ki, dağıntılar altında qalan cəsədlər və aclıqdan ölənlər də nəzərə alınarsa, real itkilərin daha çox olması ehtimal edilir.

BMT və beynəlxalq təşkilatlar da rəqəmlərin daha yüksək ola biləcəyini təsdiqləyir.

The Lancet jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, səhiyyə sisteminin dağılması səbəbindən ölüm göstəriciləri az qiymətləndirilə bilər.

İsrail isə bu rəqəmləri şübhə altına alır və HƏMAS-ın məlumatları manipulyasiya etdiyini iddia edir.

İsrail ordusunun açıqlamasına əsasən, 27 oktyabr 2023-cü ildən bu yana 466 hərbçi döyüşlərdə həlak olub, 2951 əsgər yaralanıb.

BMT-nin son hesabatında Qəzzada baş verən hadisələr “soyqırım əlamətləri” daşıdığı qeyd olunur. İsrail hökuməti bu iddianı “qərəzli və əsassız” adlandırıb.

 

 

Şəbnəm 

Gununsesi.info