
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 8 media işçisi həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Açıqlamaya görə, daha 7 jurnalist yaralanıb, ikisi itkin düşüb.
Mətbuat xidməti qeyd edib ki, İsrailin hücumları zamanı 3 jurnalistin evi tamamilə dağıdılıb, Qəzzada fəaliyyət göstərən 40 KİV-in ofisi hava zərbələri ilə hədəfə alınıb.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
Fələstin Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlar nəticəsində ölən fələstinlilərin sayı 900-ə çatıb, onlardan 260-ı uşaq, 200-ü qadındır. İdarənin məlumatına görə, yaralıların sayı 4250 nəfəri ötüb.
İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son hücumlar nəticəsində azı 1200 israilli ölüb, 2600-dən çoxu yaralanıb.
Səid Əhmədli
Gununsesi.info