Qəzzada qorxunc gecə: Rabitə kəsildi, bombalar susmadı…

  • By admin
  • 28 Oktyabr 2023 12:43

Hücumların 22-ci günündə İsrail Qəzzanı intensiv bombardman edərkən, həyat mübarizəsi aparan qəzzalıların dünya ilə əlaqəsi kəsilib. Beynəlxalq qurumlar dünən gecə baş verən hücumlarda Qəzzada böyük qırğın baş verə biləcəyindən narahatdırlar.

Gununsesi.info xəbər verir ki, günlərdir İsrailin hücumlarında minlərlə insanın öldüyü və ya yaralandığı Qəzza dünən ən qorxulu gecələrindən birini yaşayıb.

İsrail ordusu gecə boyu Qəzzanın bir çox nöqtəsini havadan və qurudan vurmağa davam edərkən, bölgə ilə əlaqə tamamilə kəsilib.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail qüvvələri Qəzzanın şimalını artilleriya atəşi ilə vurub. İsrail təyyarələri Qəzzanın şərqindəki Beyt Lahiya, Beyt Hanun və digər ərazilərdə Əş-Şati və Nuseyrat qaçqın düşərgələrini və evləri havadan hədəfə alıb.

Xəbərdə Qəzza zolağının şimal-şərqində İsrail ordusuna aid bir tankın zirehli raketlərlə hədəf alındığı, Qəzza zolağının müxtəlif bölgələrində Fələstin müqavimət qüvvələri ilə İsrail qüvvələri arasında silahlı qarşıdurmaların olduğu bildirilib.

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam briqadalarına aid 150 yeraltı hədəfin gecə boyu döyüş təyyarələri ilə bombalandığını açıqlayıb.

Qəssam briqadaları üzvlərinin Beyt Hanun və Bureyc qaçqın düşərgəsinin şərqində İsrailin quru hücumuna müqavimət göstərdiyi və bölgədə şiddətli qarşıdurmaların yaşandığı bildirilib.

İsrail ordusu isə blokadada olan Qəzza zolağı sərhədinə qarşı əməliyyatın “rəsmi quru əməliyyatı olmadığını” açıqlayıb.

İsrail Ordusunun sözçüsü Daniel Haqari dünən Qəzza zolağına qarşı hava hücumlarını artırdıqlarını və gecə quru əməliyyatlarını genişləndirəcəklərini açıqlayıb.

İsrailin intensiv hücumları səbəbindən bölgədə sabit telefon, mobil  və internet rabitə xidmətlərinin tamamilə kəsildiyi və elektrik enerjisi olmadığı üçün mülki müdafiə qrupları və təcili yardım maşınları hücumların baş verdiyi ərazilərə çata bilməyib, ölən və yaralananlar barədə məlumat əldə etmək mümkün olmayıb.

Fələstin Jurnalistlər Birliyi yazılı açıqlamasında İsrailin internet və telefon xidmətlərinin kəsildiyi Qəzzada jurnalistlərə qarşı “qırğın” törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumatda bildirilib ki, İsrail indiyə qədər 20-dən çox jurnalist və onlarla ailəsini qətlə yetirib, onlarla media qurumunu hədəf alıb. Qeyd edilib ki, bu, jurnalistlərin törətdikləri cinayətləri dünyaya açıqlamasının qarşısını almaq üçün rəsmi qərarla və sistemli siyasət çərçivəsində həyata keçirilib.

Fələstin Səhiyyə Nazirliyi dünən Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 3 min 38-i uşaq, 1726-sı qadın və 414-ü qoca olmaqla 7 min 326-ya yüksəldiyini, 18 min 967 adamın da yaralandığını açıqlayıb.

Gununsesi.info