Qəzzada səhiyyə sistemi çökdü - Səhra xəstəxanalarına ehtiyac var

Qəzzada səhiyyə sistemi çöküb.

Gununsesi.info xəbər verir ki, Fələstinin səhiyyə naziri Mey əl-Keyle səhiyyə sisteminin çökdüyü Qəzzada müalicəsi mümkün olmayan minlərlə insanla bağlı açıqlama verib.
Keyle Qəzzadakı xəstəxanaların fəaliyyətini davam etdirməsi üçün yanacaq, elektrik və tibbi ləvazimatlara ehtiyac olduğunu, 16 xəstəxana və 51 sağlamlıq mərkəzinin hücumlar və yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxdığını bildirib.
Mey əl-Keyle Qəzzada xəstəxanaların sayının yetərli olmadığını deyib. Xəstələrin steril olmayan mühitlərdə, xəstəxana dəhlizlərində və telefon işıqları ilə əməliyyat edildiyini bildirən Keyle Qəzzada səhra xəstəxanalarının yaradılması lazım olduğunu qeyd edib.
Keyl dünya və beynəlxalq təşkilatları yaralıların Misirdəki xəstəxanalara göndərilməsi, yanacaq və tibbi ləvazimatların Qəzzaya daxil olması üçün hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, oktyabrın 7-dən bəri davam edən qarşıdurmalarda 9 min 770 fələstinli həyatını itirib, minlərlə insan yaralanıb.