Qırğınlarını davam etdirdiyi Qəzzada İsrail ordusu tərəfindən təhlükəli yola məcbur edilən humanitar yardım yük maşını qida almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin soyqırım törətdiyi Qəzzada humanitar böhran artmaqda davam edir.
Hökumətin media ofisi bəyanat yayıb ki, İsrail Qəzzada xaos yaratmağa davam edir və burada yardıma girişi məhdudlaşdıran blokada tətbiq edir.
İsrailin Qəzzaya buraxılan məhdud sayda humanitar yardım maşınlarını qəsdən təhlükəyə atdığı və onların aclıqdan əziyyət çəkən fələstinlilərə çatmasına mane olduğu bildirilib.
Qəzzaya daxil olan yardım maşınlarının uzun müddət ac qalan və əsas ehtiyaclarını təmin edə bilməyən mülki vətəndaşlarla dolu yollara çıxmağa məcbur edildiyi, beləliklə də onların qəsdən hücumlara məruz qaldığı vurğulanıb.
Açıqlamaya görə, İsrail ordusunun daha əvvəl bombaladığı Deyr əl-Bələhdə yük maşını təhlükəli və keçilməz yola çıxmağa məcbur edilib.
Qida maşınının aşması nəticəsində ərzaq almaq istəyən 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.












