Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Saqiv Yehezkel Türkiyəni tərk edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Ərlikaya “X” sosial şəbəkəsində məlumat verib.
“Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Yehezkel saat 17:15 etibarilə ölkəmizi tərk edib. Bir daha bildirmək istərdim ki, Türkiyə hər zaman bütün məzlum insanları və Fələstin xalqını dəstəkləyir”, – siyasətçi yazıb.
Xatırladaq ki, yanvarın 14-də Türkiyənin “Antalyaspor” klubunun israilli yarımmüdafiəçisi Saqiv Yehezkel komandasının “Trabzonspor”la oyununda qol vurduqdan sonra qolundakı “100 gün. 7.10” yazısı və Davud ulduzunun şəkli olan sarğını nümayişkaranə şəkildə göstərib. Bu, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlılarının İsrail ərazisinə hücumu nəticəsində kəskinləşən Fələstin-İsrail münaqişəsinin cari mərhələsinin başlamasının 100-cü gününə işarə idi. Oyundan sonra futbolçu ictimai şəkildə düşmənçilik salmaq və nifrət yaratmaq ittihamı ilə saxlanılıb.
Yanvarın 15-də Türkiyə hökuməti S.Yehezkelin həbsdən azad edilməsi və ölkədən çıxarılması barədə qərar qəbul edib. İsrail Xarici İşlər Nazirliyi də futbolçunun gün ərzində vətənə dönəcəyini təsdiqləyib.
Gununsesi.info