
Aylardır davam edən İsrail-Həmas müharibəsi Gürcüstanın turizminə də təsirsiz ötüşməyib. Bildirilir ki, ölkədəki otellər demək olar ki, boş qalır və israilli turistlərin sayında “görünür” azalma müşahidə olunur. Gürcüstanda yay tətili mövsümü başlayıb, lakin əhəmiyyətli bir çatışmazlıq var.
Gununsesi.info-nun xəbərinə görə, Tbilisi Free Walking Tours şirkətindən Levan Qiorqadze bildirib ötən illə müqayisədə İsraildən olan turistlərin sayı kəskin azalıb.
“İtki göz qabağındadır. Bölgədəki vəziyyət İsraildən gələn turistlərin sayına təsir edib”.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisi il boyu turistlər üçün populyar bir məkan olsa da, Qara dəniz sahilindəki çimərliklər də yay tətili üçün məşhur yerlər sırasındadır.
Gürcü Restoranlar Assosiasiyasının prezidenti Şota Burcanadze də analoji narahatlıqlarını ifadə edərək, “Rezervasiyalar ləğv edilib və yeni rezervasiyalarla bağlı proqnozlar çox aşağıdır. Ona görə də təəssüf ki, bu il gözləntiləri doğrultmayacaq” deyib.
Afət Abbasova
Gununsesi.info