Qəzzalı uşaqlar dünyaya səsləndilər: “Yaşamaq istəyirik”

  • By admin
  • 09 Noyabr 2023 10:00

İsrail ölənlərin sayının 11 minə yaxınlaşdığı Qəzzanı bombalamağa davam edir.

Gununsesi.info xəbər verir ki, İsrail döyüş təyyarələri gecə boyu Şifa xəstəxanası və Nəsr uşaq xəstəxanasının ətrafını və Qəzza zolağında bəzi əraziləri bombalamağa davam edib.

Fələstinin “WAFA” xəbər agentliyinin xəbərinə görə, minlərlə xəstə və qaçqının yerləşdiyi Şifa xəstəxanası İsrail təyyarələrindən fasilələrlə atılan raketlərin hədəfi olub.

Fələstinli uşaqlar günlərdir uçuq-sökük olan Şifa xəstəxanasında dünən təşkil etdikləri mətbuat konfransında dünyaya səslənib. Bütün fələstinli uşaqlar adından danışdığını deyən balaca uşaq mətni ərəb və ingilis dillərində oxuyaraq, “oktyabrın 7-dən bu yana dünyanın gözü qarşısında soyqırıma, qırğınlara, məcburi köçürülməyə məruz qalırıq, başımıza bomba yağdırılır”, deyib.

“Şifa xəstəxanasına təhlükəsiz yer olduğunu düşünərək gəldik, amma bizi daim bombalayırlar” deyən uşaq, “Dünyaya yalan danışırlar. Həması döyüşçülərini hədəfə aldıqlarını deyirlər, amma biz uşaqlar dəfələrlə ölümdən qaçmışıq. İşğalçılar bizi acından öldürürlər. Günlərdir nə su, nə də yemək var. Çörək də yoxdur. Çirkli su içirik”, bildirib.

Çıxışının sonunda balaca uşaq dünyadan yardım istəyib: “Uşaqlar olaraq sizdən bizi qorumağınızı xahiş edirik. Ölümləri dayandırın. Biz yaşamaq istəyirik. Biz sülh istəyirik”.

Gununsesi.info