Qəzzanın şimalında bütün xəstəxanalar sıradan çıxıb. Qəzza zolağının səhiyyə nazirliyi mühasirədə olan İndoneziya xəstəxanasında qalanların təxliyəsi üçün BMT ilə koordinasiya aparır.
Gununsesi.info bildirir ki, bu barədə “Anadolu” agentliyinə Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.
Onun sözlərinə görə, İsrailin mühasirəsində olan İndoneziya xəstəxanasında 2600 nəfər, o cümlədən 200 tibb işçisi, 400 yaralı və onları müşayiət edən şəxslər, həmçinin evlərini tərk edən 2000 fələstinli var.
Əl-Qudra xatırladıb ki, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə koordinasiya əsasında 100-dən çox yaralı İndoneziya xəstəxanasından Qəzzanın cənubuna aparılıb.
“İsrail İndoneziya xəstəxanasını hərbi kazarmaya çevirməyə çalışır və orada hərbi cinayətlər və dağıdıcı hərəkətlər edir”, – deyə o bildirib.
Əl-Qudra qeyd edib ki, İsrail qüvvələri bölgədəki yeganə dializ mərkəzi olan Nura əl-Qabi Tibb Mərkəzini də mühasirəyə alıb.
Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi Əl-Şifa xəstəxanasındakı vəziyyəti şərh edərkən bildirib ki, bu tibb müəssisəsində hələ də 259 yaralı, həmçinin onları müşayiət edən çoxlu sayda fələstinlilərin və tibb işçilərinin evlərini tərk edib.
“Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti əvvəlki günlərdə Əl Şifa Xəstəxanasına baş çəkib və orada qalanların təxliyyəsini koordinasiya etməyə çalışıb. Bununla belə, hələ də Əl-Şifa xəstəxanasında olanların təxliyəsi ilə bağlı yeni heç nə yoxdur”, – Əl-Qudra bildirib.
Eyni zamanda, Səhiyyə Nazirliyinin nümayəndəsi Qəzza zolağının cənubundakı xəstəxanaların iş yükünü qeyd edib. “İndoneziya xəstəxanası və Əl Şifa xəstəxanasının boşaldılması səbəbindən xəstəxanalar çoxlu xəstə axınının öhdəsindən gələ bilmir”, – deyə o əlavə edib.
Gununsesi.info