QəbələFestin kitab festivalı necə keçdi? – Taleh Heydərovun təəssüratları

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 16:29

Bu yay keçirilən QabələFestdəki kitab festivalından təəssüratlarımı bölüşmək istərdim.

Beş gün davam edən bu festival məndə çox xoş xatirələr buraxdı. Məşhur yazıçılarımızı bir arada görmək çox sevindirici idi. Onları görmək üçün isə Qəbələdən və ətraf bölgələrdən gələn çoxsaylı oxucuları görmək isə ayrıca bir sevinc idi. Bu, ölkəmizdə kitaba və yazıçılara insanlar tərəfindən göstərilən sevgi və diqqətin daha bir göstəricisi idi.

Anar Rzayevin TEAS Press tərəfindən çap olunan “Beşinci Mərtəbəli Evin Altıncı Mərtəbəsi” əsərinin yeni versiyasında Zaur və Təhminə arasındakı mövcud olan müəyyən şübhəyə aydınlıq gətirilir (spoyler verməyəcəyəm).

Anar müəllim, bundan başqa, digər əsərlərinin də oxunmasının vacib olduğunu qeyd etdi. Eyni zamanda, uzun illərdir üzərində çalışdığı avtobioqrafik bir əsər haqqında da məlumat verdi. Yaxın zamanlarda TEAS Press həmin əsəri çap edib oxuculara təqdim edəcək. Mənim üçün və əminəm ki, çoxları üçün bu kitab çox maraqlı olacaq.

Sabiq xarici işlər naziri, diplomat və tarixçi-alim Həsən Həsənovun “Albaniya Çarlığı: Paytaxt Qəbələ və Onun Sirləri” adlı kitabı da oxuculara təqdim olundu. Həsən müəllimin təqdimatında biz Qafqaz Albaniyası haqqında çox maraqlı baxışlarla tanış olduq. Atropatena ilə münasibətlərindən tutmuş, onun etnik tərkibinə və idarəetmə üsuluna qədər bir çox məsələlərə toxunuldu. Dinləyicilər arasında fikir mübadiləsi aparıldı və bir daha əmin oldum ki, bu sahədə tarixçilərimiz arasında hələ də mübahisəli məqamlar qalmaqdadır. Bu mövzu gələcəkdə daha dərindən araşdırılmağa davam etdirilməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı sırasında qabaqcıl yer tutduğunu qeyd etdi. Nizami, Nəsimi, Füzuli kimi dahiləri olan bir millət kimi fəxr etməli olduğumuzu vurğuladı. Ədəbiyyatımıza digər dillərin təsiri və əhəmiyyəti haqqında danışdı. Mənim üçün ən maraqlı məqam isə onun dünya klassik ədəbiyyatı ilə yanaşı, yeni və gənc yazıçıların kitablarını da oxuması oldu. Müxtəlif sahələrdəki geniş biliyi heyrətamizdir.

Digər keçmiş xarici işlər nazirimiz və səfirimiz, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, professor Vilayət Quliyevin “Tədqiqat, Diplomatiya, Xeyriyyə” adlı kitabının təqdimatı oldu. Vilayət müəllim kitabında Heydər Əliyevlə bağlı maraqlı hadisələrdən danışdı. Onun sözlərindən Heydər Əliyevin işinə nə dərəcədə ciddi və məsuliyyətlə yanaşan, eyni zamanda nə qədər həssas və ədalətli bir şəxsiyyət olduğu öz təcrübəsindən aydın görünürdü.

Bir dəfə Heydər Əliyev iclas zamanı iki nəfərin danışdığını görür və buna görə onları danlayır. İclasdan sonra məsələnin mahiyyəti Heydər Əliyevə bildirilir. Həmin anda danışan şəxslərdən biri yanındakına özünü pis hiss etdiyini bildirirmiş və “mən huşumu itirsəm, məni tutarsan” deyirmiş. Lakin bunu bilməyən rəhbər iclasdan sonra həmin işçisini işdən azad edir. Heydər Əliyev dərhal həmin rəhbərə zəng edərək məsələnin real səbəbini araşdırmadan verilmiş bu qərara görə onu məzəmmət edir və həmin şəxsin işinə bərpa olunmasını tapşırır. Bunun kimi bir çox maraqlı əhvalatları dinlədik.

Çingiz Abdullayev isə öz enerjisi ilə hər kəsi sevindirdi. O, kitablarındakı personajlardan tutmuş dil məsələlərinə qədər müxtəlif mövzulardan danışdı. Dronqonun özü olub-olmaması haqqında münasibətini bildirdi. Ana Dili və Əlifba Günündə keçirilən tədbirdə dilimizin qorunub saxlanılması ilə bağlı mühüm mesajlar verdi. Müxtəlif qurumların bu istiqamətdə daha çox iş görməsinin vacib olduğunu qeyd etdi. Və nəhayət, bu qədər kitabı necə və nə üçün yazdığı haqqında fikirlərini bölüşdü.

Elxan Elatlı isə böyük fanat ordusunu gəlişi ilə sevindirdi. Onu görmək üçün müxtəlif rayonlardan insanlar gəlmişdilər. O, məşhur Qambay obrazının real olub-olmaması haqda, eləcə də insanların real həyatda kitablarının təsirləri altında necə yaşaması ilə bağlı öz müşahidələrini bölüşdü.

Kitablarında qız övladlarına qarşı laqeyd və sərt münasibətin yanlış olduğunu göstərməsi rəğbətlə qarşılandı. Qız uşaqlarının dünyaya gəlməməsi üçün hamiləliyin sonlaşdırılması baxımından dünyada birinci yerdə olmağımızın nə qədər kədərli və təhlukəli olduğunu qeyd etdi. Bu istiqamətdə cəmiyyətə, xüsusilə də atalara qız uşaqlarına daha nəzakətli və sevgi ilə yanaşmaq çağırışı etdi.

Təəssüf ki, bütün yazıçıların təqdimatlarında iştirak edə bilmədim. QəbələFestin proqramı çox geniş olduğundan buna vaxt baxımından imkan olmadı. Bununla belə, çoxlu sayda digər dəyərli yazıçımız da festivalda iştirak etdi. Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Cəmilə Musayeva, Mürşüd İsmayılzadə, Aysel Ağayeva, Arzu Əliyeva, Aysel Zahidqızı, Dilşad Talıbova, Yuliya Kərimova və Əziz Sultan da kitablarını təqdim etdilər. Festivalda iştirak edənlər TEAS Press, “Üç Alma” və “Yay” nəşriyyatlarının müxtəlif kitablarını əldə etmək imkanı qazandılar.

Gələn il daha çox və fərqli yazıçılarımızın iştirakını təmin etməyi, eləcə də oxucular üçün daha çox görüş təşkil etməyi düşünürük. Ümid edirəm ki, bu kimi tədbirlər ölkəmizdə mütaliənin artmasına öz töhfəsini verəcəkdir.

Hər bir yazıçının çıxışında mütaliənin cəmiyyət üçün nə dərəcədə vacib olduğunu bir daha eşitdik. Mütaliə insanları zənginləşdirir və inkişaf etdirir. Oxuyan cəmiyyətlə oxumayan cəmiyyət arasında böyük fərq var.

Təəssüf ki, son zamanlar cəmiyyətimizdə mənəviyyat böhranının yaşandığının şahidi oluram. İnsanlarımızda dostluq, dürüstlük, vicdan, mərdlik kimi keyfiyyətlərə artıq əvvəlki kimi qiymət verilmir. Bu isə nə həmin insanlara, nə də ki cəmiyyətə şərəf gətirən bir istiqamətdir. Bu çatışmazlıqları düzəltmək üçün hələ də ümid varsa, o, bəlkə də kitabdadır.

Oxuyaq, inkişaf edək, düşünək.

Taleh Heydərov

Gununsesi.info