Qəddafinin oğlunun prezidentliyə namizədlik ərizəsi rədd edildi

  • By admin
  • 24 Noyabr 2021 20:25

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafinin prezident seçkilərində namizədliyi ilə bağlı müraciəti rədd edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Liviya rəsmisi “Anadolu” agentliyinə bildirib.

“Liviya məhkəmə sistemi S.Qəddafinin 24 dekabr prezident seçkiləri üçün namizədlik ərizəsini rədd edib. O, haqqındakı məhkəmə qərarının ləğvi ilə bağlı sənəd təqdim edə bilməyib”, – mənbə bildirib.

Qeyd edək ki, Qəddafi noyabrın 14-də Ali Seçki Komissiyasının Sebha şəhərindəki şöbəsinə şəxsən gedib və prezident seçkilərində rəsmi namizədliyini irəli sürmək üçün müraciət edib.

Xatırladaq ki, Seyfulislam Qəddafi insanlığa qarşı cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən axtarışa verilib.

Liviya Hərbi Baş Prokurorluğu da Seyfulislam üçün “qətl” və “muzdlulardan istifadə” ittihamları ilə həbs qərarı vermişdi.

Gununsesi.info