Qələbə xəbərinin ilk carçısı - VİDEO

  • By admin
  • 27 Sentyabr 2022 14:07

27.09.2020 – Həyatımın ən çətin, ən qürurlu və ən məğrur tarixi! Torpaqların qayıtdığı, oğulların qayıtmadığı o gün… Hər il eyni həyəcan, eyni qəhərlə xatırlayıram bu günü. İllər keçəcək, amma bu duyğular dəyişməyəcək. İnsan öz səsini eşidəndə kövrələrmi? Əgər o səs səni müharibənin ilk gününə, ilk qələbə sevincinə aparırsa, kövrələr. Bu xəbər məni ölkəmizdə, ölkəmizdən kənarda nə qədər insanla doğmalaşdırdı, həmdəm etdi.

Gununsesi.info xəbər verir ki, bu sözləri İctimai televiziyanın keçmiş xəbərlər aparıcısı Jalə Həsənli sosial mediada yazıb. Qələbə xəbərlərinin ilk carçılarından biri kimi yaddaqalan aparıcı o müharibə dövründə yaşadığı təsirli hadisələri xatırlayıb.

“Bir dəfə bir şəhidimizin anım mərasimi idi. Bir şəhid xanımı yaxınlaşdı, dedi ki, yoldaşım qələbə xəbərini verdiyiniz videoya baxıb çox kövrəlmişdi, sonra da müharibəyə könüllü yollandı.

Bir dəfə bir əsgərdən mesaj almışdım: “Sizin o titrək səsinizi heç vaxt unutmarıq. Komandirimiz səsinizi hərbi hissədə bizə qulaq asdırıb deyirdi ki, eşidirsiniz, xalq bizdən qələbə xəbəri gözləyir. Biz sizin səsinizdən motivasiya alıb, döyüşə yollanırdıq”.

Şəhid məclislərindən birində bir şəhidimizin nişanlısı yaxınlaşdı, dedi mənim nişanlımın şəhid xəbərini siz səsləndirmişdiniz, amma sizi o qədər çox istəyirdim ki, sizdən inciyə bilmədim.

Müharibə ərəfəsində anamı itirdim, amma bu xəbər mənə minlərlə ana-şəhid anası qazandırdı. Bu gün də yanlarındayam, bu gün də yanımdadırlar. Ömrüm yetdiyi qədər də yanlarında olacam!

Bu xəbər mənə heç bir maddiyatla ölçülməyəcək, heç bir fəxri adlara sığmayacaq qədər böyük hörmət və sevgi qazandırdı. Xalqın sevgisini! Allah utandırmasın.

Bu xəbəri bizə yaşadanlardan Allah razı olsun, məkanları onsuz da cənnətdir, ruhları şad olsun. Qazilərimiz, şəhid ailələrimiz haqqınızı halal edin. Sizin kimi mərd insanlar, qürurlu ana-atalar, igid oğullar olmasaydı, biz bu gün qələbədən danışa bilməzdik.

Allah ordumuzu, millətimizi qorusun!”

Gununsesi.info